Politico: "ABŞ həftədə 15 milyard dollar itirəcək"

      Politico:    "ABŞ həftədə 15 milyard dollar itirəcək"
  02 Oktyabr 2025    Oxunub:827
"ABŞ hökumətinin dünəndən etibarən fəaliyyətini dayandırması ölkə iqtisadiyyatına ağır zərbə vuracaq".
"Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, Prezident Donald Trampın iqtisadi müşavirləri artıq vəziyyətlə əlaqədar həyəcan təbili çalırlar. Onların xəbərdarlığına əsasən, hökumət uzun müddət fəaliyyətsiz qalarsa, Vaşinqton ümumi daxili məhsulda (ÜDM) hər həftə 15 milyard dollar ziyana düşə bilər.

"Hökumətin bağlanması bircə ay da çəkərsə, 43 min nəfər işsiz qalacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, bu ixtisar ödənişsiz məzuniyyətə çıxarılan, yaxud maaş almadan işləyən 1,9 milyon federal mülki məmuru əhatələmir. Onların 80%-i Vaşinqtonda işləyir", - qəzet yazır.

Ağ Evin mətbuat katibinin müavini Kuş Desai jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, bu vəziyyətin babalı "federal hökuməti, iqtisadiyyatı və bütövlükdə ölkəni öz əsirliyində saxlayan demokratların boynundadır".

Xatırladaq ki, dünən ABŞ federal hökuməti qismən "bağlanıb". Bu, respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   hökumət   iqtisadiyyat   bağlanma  



Xəbər lenti