Misir XİN: "Müharibə qurtararsa, ərəb ölkələri İsraillə sülh bağlayacaq"

      Misir XİN:    "Müharibə qurtararsa, ərəb ölkələri İsraillə sülh bağlayacaq"
  08 Oktyabr 2025    Oxunub:989
"Qəzza zolağında müharibə başa çatarsa, bir çox digər ərəb ölkəsi İsraillə sülh sazişləri imzalayacaq".
Bu sözləri Misirin xarici işlər naziri Bədr Əbdülati Səudiyyə Ərəbistanının "Al-Arabiya" telekanalına müsahibəsində dilə gətirib. O deyib ki, müharibənin həlli üzrə danışıqların əsas təminatçısı məhz ABŞ Prezidenti Donald Trampdır.

"Hazırda ölkəmizdə aparılan danışıqlar Donald Trampın irəli sürdüy planın ilkin mərhələsinə yönəlib. Odur ki əsas etibarilə müharibənin dayandırılması, əhaliyə humanitar yardımın çatdırılması, əsir və məhbusların azadlığa buraxılmaları üzrə müzakirələr aparılır", - nazir bildirib.
Qətər XİN: "Müharibə yalnız bir halda qurtarmış sayılacaq"

Məlumat üçün diqqətə çatdıraq ki, Donald Trampın Qəzza üzrə atəşkəs planı həyata keçərsə, əsas mərhələdə İsrail Ordusu zolaqdan mərhələli surətdə çəkiləcək, eyni zamanda, HƏMAS tamamilə silahsızlaşdırılacaq. 2000 fələstinli məhbus azadlığa çıxarılacaq, humanitar yardım axını artırılacaq. Danışıqlar çərçivəsində HƏMAS-ın müəyyən düzəliş tələblərinin nəzərdən keçirilməsi də mümkündür, amma plan bütövlükdə müzakirəyə bağlıdır. Hazırda həm ABŞ, həm də İsrailin hökumət nümayəndələri təşkilatın təkliflə razılaşacağını gözləyir.

Eyni zamanda, Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid Əl-Ənsari dünən jurnalistlərə açıqlamasında söyləyib ki, müharibənin başa çatması üçün əvvəla İsrail tərəfi addım atmalıdır:

"Baş nazir Benyamin Netanyahu Donald Trampın planına həqiqətən də sadiqdirsə, atəşkəs çoxdan baş tutmalı idi. Ümumiyyətlə isə, Misirdəki danışıqlar fonunda 20 bəndlik planda nəzərdən keçiriləsi məqam çoxdur. Danışıqların nəticəsi barədə nikbin, yaxud bədbin reaksiya vermək hələ tezdir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Misir   İsrail   HƏMAS   müharibə   danışıqlar  



Xəbər lenti