Zelenski: “Rusiya “enerji terroru” ilə məşğuldur

      Zelenski:    “Rusiya “enerji terroru” ilə məşğuldur
  09 Oktyabr 2025    Oxunub:1454
Rusiya sabitliyi pozmaq və əhaliyə psixoloji təzyiqi artırmaq üçün Ukraynanın şimalında və Poltava vilayətində enerji və dəmir yolu infrastruktur obyektlərinə zərbələr endirir.
AzVision.az “RBK-Ukrayna” telekanalına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun yay hücumu zamanı mümkün hücum zonaları kimi Sumı və Çerniqov vilayətləri hesab olunurdu, lakin düşmənin əsas hücumunu Pokrovsk istiqamətində cəmlədiyi artıq aydın idi.

“Şərqdə bu, uzun müddətdir ki, baş verir. İnsanlar elektriksiz qalıb. Biz təmir və yenidənqurma işləri aparırıq. Rusiyanın məqsədi xaos yaratmaq, enerji sektoruna və dəmir yoluna hücumlar vasitəsilə insanlara psixoloji təzyiq göstərməkdir. Poltavaya zərbələr ölkəni yanacaqsız qoymaq məqsədi daşıyır. Onlar bizim enerji sektorumuza və ya yanacaq istehsalının mərkəzinə zərbə vururlar”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya infrastrukturuna hücumlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. Əks tərəfdən isə, Belqorod ərazisi Ukrayna ərazisinə hücumların ən aktiv nöqtələrindən biridir.

- Məhz buna görə də Ukrayna Rusiyanın sərhəd bölgələrindəki hədəflərə dəqiq zərbələr endirir ki, düşmən öz hücumlarının nəticələrini hiss etsin. Xarkov vilayətinə doğru uçan raketlər haradan gəlir? Yüzlərlə, hətta minlərlə KAB (idarə olunan hava bombaları) haradan gəlirdi? Oradan. Onlar həmçinin Xarkov və ətraf bölgənin enerji infrastrukturunu vururlar. Bu baxımdan, Belqorod vilayətində də işıqların kəsilməsini ədalətli sayıram”, - Ukrayna lideri diqqətə çatdırıb.

Zelenski Rusiya ordusunun logistika və dəmir yolu infrastrukturunu hədəf aldığını da təsdiqləyib. O, vurğulayıb ki, stansiyaları və əsas qovşaqları qorumaq və hücuma məruz qalan nəqliyyat xidmətlərinin fəaliyyətini təmin etmək üçün “Ukrzaliznitsa” şirkəti hərbçilərlə birlikdə çalışmalıdır.

“Onlar logistikaya zərbələr endirirlər. Həm yük, həm də sərnişin daşımalarına zərbə vururlar. Bütün bunlar qorxutmaq üçün edilir”, - Ukrayna lideri deyib.

O, həmçinin beynəlxalq narahatlığın artmasına səbəb olan Zaporoje Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətə də toxunaraq, elektrik xətlərinin zədələnməsi səbəbindən zavodun uzun müddətdir ki, dizel generatorları ilə işlədiyini bildirib.


- Heç vaxt dizellə işləyən bir stansiya belə uzun müddət elektriksiz qalmamışdı. Nə baş verir? Hər iki tərəfdən - nəzarət etdiyimiz ərazinin və hazırda nəzarət etmədiyimiz ərazinin tərəfində - xətlər kəsilib. Bəs əvvəlcədən onları kim kəsdi? Ruslar”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna enerji təchizatının bərpası üçün dəfələrlə cəhdlər göstərib, lakin təmir briqadaları atəşə tutulub. Lakin hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığına baxmayaraq, Ukrayna öz enerji sektorunu qorumağa davam edəcək.

“Bizim çatışmayan yeganə şeyimiz HHM sistemləridir. Tutuculara gəlincə, siz əsasən hər şeyi bilirsiniz. Daim əlavə maliyyə vəsaiti tapılır və artımlar olur. Məsələ yalnız tutucuların sayının artırılması ilə bağlı deyil, həm də PUA-ların buraxılış sistemlərinin genişləndirilməsi zərurətindən gedir. Bu sistemlər artıq effektivliyini nümayiş etdirir, lakin əsas məsələ onların istehsalını genişləndirməkdir”, - Ukrayna prezidenti söyləyib.

O, həmçinin qeyd edib ki, enerji və qaz infrastrukturu üçün təhlükələrlə bağlı riskləri yaxşı başa düşən Kiyevin А və B planları var. Əgər bütün qaz infrastrukturuna böyük hücum olarsa, B planına əsasən Kiyev idxala güvənəcək. Ukrayna hakimiyyəti bu idxalın həcmini və dəyərini başa yaxşı bilir. A planı isə Ukraynanın öz hasilatından daha çox istifadə etdiyi dövrə aiddir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   energetika  



Xəbər lenti