Politico: “İsrail Avropaya ultimatum verib”

  Politico:  “İsrail Avropaya ultimatum verib”
  13 Oktyabr 2025    Oxunub:1573
ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planının həyata keçirilməsinə tam şəkildə qatılmaq üçün Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyaların müzakirəsindən imtina etməli və mövcud məhdudiyyətləri aradan qaldırmalıdır.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, İsrailin Avropa İttifaqına təyin etdiyi yeni səfiri Avi Nir-Feldklyayn belə deyib.

“Əgər siz bu prosesin bir hissəsi olmaq istəyirsinizsə, həqiqətən də münasibətlərimizə təsir edən məkanı təmizləməlisiniz. İsrail, ümumiyyətlə, Aİ ölkələrinin Trampın planına görə, keçid dövründə Qəzza zolağının xarici idarəçiliyini öz üzərinə götürməli olan “Sülh Şurası”nda yer almaq niyyətini alqışlayır”, - israilli diplomat bildirib.

Onun sözlərinə görə, bununla belə, Aİ bu məsələni İsrailin Xarici İşlər nazirliyi ilə razılaşdırmalıdır. Lakin sanksiyaların gündəmdə qalacağı təqdirdə yəhudi dövlətindən “müəyyən müqavimət ola bilər”.

Avi Nir-Feldklyayn Təl-Əvivin iki əsas məsələdən narahat olduğunu diqqətə çatdırıb: 2025-ci ilin sentyabr ayına qədər davam edəcək 14 milyon avroluq ikitərəfli tərəfdaşlıq proqramı üçün Aİ-nin maliyyələşdirməsinin dayandırılması və Aİ-İsrail Assosiasiyası Sazişinin ticarət hissəsinin mümkün dondurulması.

Səfir bildirib ki, Aİ maliyyələşdirməni bərpa etməli və Assosiasiya Sazişinə yenidən baxılması məsələsini gündəlikdən çıxarmalıdır. Eyni zamanda, Avropa Komissiyası (AK) daha əvvəl bir sıra İsrail rəsmiləri və siyasətçilərinə qarşı sanksiyalar tətbiq etmək planlarını açıqlamışdı. İsrailli diplomatın sözlərinə görə, bu məsələ də Aİ-nin gələcək müzakirələrindən kənarlaşdırılmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Avropa   ultimatum  



Xəbər lenti