Politico: “Rusiya Afrikadan muzdlular yığır”

   Politico:    “Rusiya Afrikadan muzdlular yığır”
  13 Oktyabr 2025    Oxunub:1390
Kadr çatışmazlığı ilə üzləşən Rusiya ordusu itkilərini Afrika və Yaxın Şərqdən muzdlu əsgərlər cəlb etməklə əvəzləməyə çalışır.
AzVision.az xəbər verir ki, Rusiya strukturlarının daxili məlumatlarına əsaslanan sənədə istinad edən “Politico” nəşrinin iddiasına görə, Rusiya bu ilin ilk 8 ayında Ukrayna ilə müharibə zamanı 281 min 500 hərbçi itirib.

Oktyabrın 6-da dərc edilən siyahı cəbhə xəttində minimal irəliləyişlərə baxmayaraq, Rusiya qüvvələrinin böyük itkilər verdiyini göstərir. Məlumata görə, 86 744 nəfər həlak olub, 33 966 nəfər itkin düşüb, 158 529 nəfər yaralanıb, daha 2311 nəfər əsir götürülüb.

Nəşr bildirir ki, “Frontelligence Insight” beynəlxalq kəşfiyyat qrupu bu sənədi etibarlı və ümumilikdə öz qiymətləndirmələrinə uyğun sayır.

“O zaman əlimizdə olan rəqəmlər sənəddə təqdim olunanlarla sıx şəkildə üst-üstə düşürdü ki, bu da dərc edilmiş məlumatların gözlənilən diapazonda olduğunu göstərir”, - qrupun ekspertləri deyib.

Təqdim olunan statistika Rusiya qoşunlarının aşağı effektivliyini, həmçinin Ukrayna tərəfinin fəal şəkildə istifadə etdiyi pilotsuz təyyarələrin mühüm rolunu vurğulayır.

Eyni zamanda, sənədin Ukrayna hərbi kəşfiyyatı tərəfindən təslim olmaq istəyən Rusiya hərbçilərini hədəf alan “Yaşamaq istəyirəm” layihəsi çərçivəsində hazırlandığına diqqət çəkilir.

Hesabatda qeyd olunur ki, Afrika və Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsi üzrə səylərin artması ordunun ölkə daxilində toplanması ilə bağlı problemləri üzə çıxarır. “Frontelligence Insight” kəşfiyyat qrupu iddiasına görə, Ukraynada Rusiya tərəfindən döyüşlərə qatılmış bu regionların vətəndaşlarının şəxsi məlumatlarını ehtiva edən minlərlə qeydlərə sahibdir.

- Məsələn, 1045 sazişdən ibarət bir məlumat bazası göstərir ki, 2023-2024-cü illər arasında Afrika və Yaxın Şərqdən olan 394 şəxs Rusiya Müdafiə nazirliyi ilə müqavilə imzalayıb. Halbuki təkcə 2025-ci ilin birinci yarısında artıq 651 müqavilə olub ki, bu da əvvəlki göstəricidən iki dəfə çoxdur”, - analitiklər vurğulayıblar.

Mövcud məlumatlara görə, Rusiyadan kənarda cəlb olunma əsasən aşağı gəlirli ölkələrdə cəmləşib. Cəlb edənlər böyük təzminat (bəzi hallarda on illik əmək haqqına bərabərdir) və çox vaxt həqiqətlə uzlaşmayan guya “təhlükəsiz vəzifələr tutmaq” vədləri verirlər.

“Frontelligence Insight” kəşfiyyat qrupunun analitiklərinin fikrincə, hətta maddi həvəsləndirmələrə baxmayaraq, Rusiya kadrların şəxsi heyətin toplanması məsələsində ciddi çətinliklərlə üzləşir. Mövcud tendensiya davam edərsə, Kreml genişmiqyaslı səfərbərlik keçirmək və kadr çatışmazlığını pisləşdirmək arasında seçim qarşısında qalacaq. Yeri gəlmişkən, bu, Ukrayna ordusunun son iki ildə üzləşdiyi əsas problemdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Afrika   muzdlular  



Xəbər lenti