Komitə sədri: Edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb

      Komitə sədri:    Edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb
  04 Noyabr 2025    Oxunub:741
2020–2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlərə 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, 3 dövlət proqramı qəbul olunub.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib. Onun sözlərinə görə, qanunvericilikdə edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb.

B.Muradova həmçinin bildirib ki, Uşaq Strategiyasının icrası ilə əlaqədar olaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində orqanların fəaliyyətində müəyyən dəyişikliklər edilib: "Əvvəllər İcra Hakimiyyəti yanında iki ayrı komissiya fəaliyyət göstərirdi. Bunlar Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi. Bu təkrarlılıq aradan qaldırıldı. Nəticədə Dövlət Komitəsinin təklifləri əsasında qəbul olunmuş dəyişikliklərlə hazırda bu iki komissiyanın istiqamətləri birləşdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” yaradıldı. Bu addım həm struktur, həm də məzmun baxımından doğru və məqsədəuyğun hesab edilir.

Eyni zamanda, Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi Dövlət Komitəsinin nəzdində yaradıldı. Artıq bu ilin əvvəlindən etibarən katiblik Dövlət Komitəsinin əməkdaşları hesabına fəaliyyət göstərir. Qısa müddət ərzində bu komissiyanın işi və qanunla müəyyən edilmiş müddəaların reallaşdırılması istiqamətində bir çox yeni dəyişikliklər həyata keçirilib.

Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində komissiyaların fəaliyyətini gücləndirəcək. Çünki Dövlət Komitəsi xüsusilə regionlarda fəaliyyət göstərən komissiyaların işini əlaqələndirir, onları təlimləndirir, maarifləndirmə işləri aparır və gündəlik texniki dəstək göstərir”.


AzVision.az


Teqlər:



Xəbər lenti