Zəfər paradı ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq

   Zəfər paradı ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq
  04 Noyabr 2025    Oxunub:1153
8 noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədilə 5-6 noyabr tarixlərində səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a verilən məlumata görə, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı aşağıdakı kimidir:

- Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə;

- Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

- Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər.

Paytaxtın cənub giriş qapısından sürücülər "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş.Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y.Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. H.Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y.Səfərov küçəsindən keçməklə 28 May, R.Behbudov, Füzuli və A.Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

Əlavə olaraq bildirək ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək.

Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: parad   yollar  



Xəbər lenti