Vüsal Hüseynov: "Yüksəkixtisaslı miqrantlar Azərbaycanın inkişafına töhfə verəcəklər"

      Vüsal Hüseynov:    "Yüksəkixtisaslı miqrantlar Azərbaycanın inkişafına töhfə verəcəklər"
  13 Noyabr 2025    Oxunub:966
Yüksəkixtisaslı miqrantlar əmək bazarında mövcud boşluqların doldurulmasına və uzunmüddətli perspektivdə Azərbaycanın inkişafına töhfə verəcəklər.
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. DMX rəisi bildirib ki, təsis edilən "Yüksəkixtisaslı miqrant proqramı" sayəsində miqrantlar öz bilik, bacarıq və təhsil səviyyələrini təqdim edəcəklər:

"Nəticədə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir. Bu portal yüksəkixtisaslı miqrantlar üçün Azərbaycanda öz uğur hekayələrini yazmaq, bilik və təcrübələrini ölkənin inkişafına yönəltmək üçün geniş imkanlar yaradır. Yüksəkixtisaslı miqrantlara yönəlik siyasət və proqramlar bir çox ölkələrdə tətbiq olunur və bu sahədə qlobal rəqabət mövcuddur. Azərbaycan da bu proqramı təqdim etməklə həmin yarışa qoşulur. Ölkəmizdə mövcud olan sabitlik, dinamik və dayanıqlı inkişaf, turizm və investisiyaların təşviqi, əcnəbilərin inteqrasiyası üçün yaradılan şərait və tətbiq edilən güzəştlər bu proqramı rəqabət qabiliyyətli edir".

V.Hüseynov eyni zamanda vurğulayıb ki, qiymətləndirmə 20 gün ərzində müsbət nəticələnərsə, həmin şəxs Azərbaycana sadələşdirilmiş qaydada viza ala, özü və ailə üzvləri üçün yaşama icazəsi əldə edə və gələcəkdə vətəndaşlığa qəbul üçün müraciət imkanı qazana bilər:

"Bu şəxslər həmçinin iş icazəsindən azaddırlar. Portalda qeydiyyatdan keçən işəgötürənlər də yüksəkixtisaslı miqrantların bazasına çıxış əldə edərək onlarla birbaşa əlaqə saxlaya və iş təklifləri göndərə biləcəklər".

AzVision.az



Teqlər:



Xəbər lenti