Jurnalistlər Təhsil Nazirliyindən şikayətəndi - SORĞU
AzVison.az Təhsil Nazirliyi ilə mütəmadi olaraq işləyən jurnalistlər arasında sorğu keçirib.
New Baku Post qəzetinin əməkadşı Fərəh Sabirqızı deyir ki, Təhsil Nazirliyinin bu sistemə keçidi ilə bağlı məlumatı oxuyanda çox təəssüflənib: “Çünki hər kəs yeni naziri enerjili, bacarıqlı menecer kimi qiymətləndirirdi. Jurnalistlər də onun media ilə əlaqələrini daha da çevikləşdirəcək qərarlar gözləyirdilər. Misir Mərdanovun fəaliyyətinin keyfiyyəti ilə bağlı məqamları kənara qoysaq, etiraf etmək lazımdır ki, kifayət qədər mediaya açıq insan idi. Hər həftə KİV-də onun açıqlamaları, müsahibələrini görmək mümkün idi. Mətbuat xidmətinin rəhbəri ilə danışmaq çətin olsa da, ən azından xidmətin əməkdaşları istədiyimiz suala cavab tapmaqda kömək edirdilər, mövzu ilə bağlı danışa biləcək konkret vəzifə sahiblərininin koordinatlarını verirdilər. İnanmıram ki, Təhsil Nazirliyinin yeni sistemi effektiv işləsin. Birincisi ona görə ki, 1-2 dövlət qurumu istisna olmaqla Azərbaycanda elektron sorğulara vaxtında cavab verən təşkilat tanımıram. Adətən hansısa quruma məktub göndərəndən sonra mütləq ora təkrarən zəng edirsən, bir neçə gün sənin sorğunu email poçt qutusunda axtarırlar, tapmırlar, yenidən ayrı ünvandan göndərirsən... Axırda ya jurnalist bezir, ya da məlumatın önəmi itir. Belə sistem yalnız araşdırma tipli yazılar zamanı özünü doğrulda bilər. Hər şey bir kənara, “İnformasiya əldə etmək haqqında” qanunun tələblərində də göstərilir ki, dövlət orqanları zəruri hallarda informasiyanı dərhal, şifahi, telefonla verməlidirlər, ən pis halda buna 1 gün vaxt verilir. Yəni, bu nazirliyin tam elektron sorğu sisteminə keçidi əslində qanunun tələblərinə ziddir”.
“Apa Holdinq”-in müxbiri Könül Kamilqızı da həmkarı kimi yeni sistemdə operativlik məsələsinin vacib olduğunu bildirir:
“Təhsil elə bir sahədir ki, onun hər zaman ictimaiyyətə, xüsusilə mətbuata açıq olması gərəkir. Media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq qəbul edir və cavablandırır. Sadəcə bəzi məsələlər olur ki, onlara həmin gün cavab tapmalı olursan. Belə olduğu halda, Təhsil Nazirliyinin qoyduğu 24-48 vaxt müddəti gec olur. Düzdür, bu vaxta kimi nazirliyə hər hansı bir sorğu göndərməmişəm. Amma inanıram ki, Təhsil Nazirliyinin KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün formalaşdırdığı yeni siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək”.
Modern.az saytının müxbiri Aytən Əliyevanı isə yeni sistemdə qane teməyən cəhətlər olsada üstün olan tərəflərinin də olduğunu düşünür: “Bu sistem yaxşıdır. Nəzərə alsaq ki, Təhsil nazirliyinin elə şöbələri var ki, biz oradan əvvəllər cavab ala bilmirdik, suallarımıza cavab tapa bilmirdik, əsəb keçirirdik. Yazılı olsa da artıq mənim 2 sualım cavablandırılıb, amma bir çox məslələr var ki, onlar operativ şəkildə cavablandırılmalıdır. O zaman isə bu sistem operativliyini itirir. Yəni bəzi cəhətlərdən yaxşı bəzi cəhətlərdən pisdir.
Yeni sistemdən sonra Təhsil Nazirliyinə hələ ki, işi düşməyənlərdən biri də Qafqazinfo.az saytının müxbiri Günel Türksoydur. “Birinci onu deyim ki, hələ ki, hər hansı sualla bağlı Təhsil Nazirliyinə elektron müraciət göndərməmişəm. Dedikləri kimi 48 saat ərzində bunu cavablayarlarsa müsbət haldır. Amma elə suallar ola bilər ki bunun operativ sürətdə cavablandırılması tələb oluna bilər. Belə olan halda təbii ki, jurnalist iki gün gözləyə bilməz. İnformasiya gecikə bilər. O metod əsasən araşdırma aparan jurnalistlərə sərf eder”.
Lent. az-ın əməkdaşı Anar Məcidzadə bu formatda nazirliyə ilk sual ünvanlayan jurnilstlərdən biridir: “Sualımı ünvanladıqdan 2 gün sonra həm mənim sualımı, həm də nazirliyin cavabını Təhsil Nazilriyinin rəsmi saytında yerləşdirdilər. Bu bir tərəfdən yaxşıdır ki, 2 gün ərzində suallarımız cavablandırılır. Amma təssüf doğuran məqam odur ki, nazirliyin cavabı bizim öz email poçtumuza göndərilmir. Qeyd etdiyim kimi, saytda yerləşdirilir. Təhsil naziririn mətbuata və bütövlükdə ictimaiyyətə açıq olacağına inanıram”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva isə nazirliyin bu xidmətindən çox narazı olduğunu bildirir: “ Bu cür sistemdən razı deyiləm, çünki 48 saata qədər xəbər aktuallığını itirir.
Həm də gözləyirlər ki, vaxt tamam olsun, 48 saatın tamamında açıqlamanı göndərirlər. O zaman da xəbər lazım olmur. Cəmi bir dəfə nazirliyə dörd sual göndərmişəm. Beşinci gün axşam göndərdiyim suala birinci gün axşam cavab göndəriblər.Bu, nəyimə lazım idi ki ? Ondan sonra nazirliyə daha sual göndərmirəm”.
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Sevil Hilalqızı sistemdə operativliyin olmamasından şikayətlənib və bildirib ki, bu sistem jurnalistlərin informasiya almaq hüququnu itirir:
“Əslində yazılı cavabın olması jurnalist üçün daha yaxşıdır. Çünki bizi məsuliyyətdən qurtarır. Çox hallarda şifahi sorğumuza cavab verən qarşı tərəf deyir ki, fikrim təhrif olunub. Amma yazılı sorğuya yazılı cavab operativ verilmirsə, bu birbaşa bizim informasiya almaq hüququmuza ziddir. Cavabı gecikdirmek və ya heç cavab verməmək isə cəmiyyətlə qurum arasında vasitəçi olan jurnalistə hörmətsizlik yox, özünü nufuzdan salmaq və cəmiyyətə hörmətsizlikdir”.
Publika.az saytının müxbiri Gülxar Şərif bu sistem jurnalistlərin işini gecikdirməkdən başqa bir işə yaramadığını düşünür: “Əlbəttə, bu sistem bir çox jurnalist kimi məni də qane etmir. Çünki 24-48 saat sayt üçün çox uzun müddətdir. Elə məlumat olur ki, ona bir neçə saat ərzində yazmaq lazımdır, bunun üçün Təhsil Nazirliyinin də rəyi olmalıdır. Amma yazılı müraciət xəbərin gecikməsinə səbəb olur. Nəticədə o, əhəmiyyətini itirir.Düşünürəm ki, bu sistem jurnalistlərin işini gecikdirməkdən başqa işə yaramır. Üstəlik bunun nə vaxt ləğv ediləcəyi barədə heç bir açıqlama verilmir.Məsələn, dünən Sumqayıt şəhərində 17 nömrəli məktəbdə baş verən hadisə ilə əlaqədar Təhsil Nazirliyindən operativ cavab öyrənmək mümkün olmadı. Düzdür, yeni sistemə keçdikdən sonra nazirliyə yazılı müraciət etməmişəm, amma həmkarlarım cavabların gecikdirildiyini deyir”.
Operativlik deyib dad edən jurnalistlərdən biri də Gün.Az saytından Mirvari Əlimərdanovadır: “Təhsil Nazirliyinin yeni metodu yaxşıdır, əgər operativ olarsa. Hələlik nazirliyə 1 sual ünvanlamışıq, ancaq cavab yoxdur. Jurnalistin işi də operativ cavabdan asılıdır. Bu özünü doğruldarsa yaxşıdır”.
Şahanə RƏHİMLİ