Vilayət Eyvazov BMT-də çıxış edib

Vilayət Eyvazov BMT-də çıxış edib
  16 May 2013    Oxunub:7512
Azərbaycan insan alverinə qarşı mübarizədə zəruri tədbirlər həyata keçirir
Mayın 13-14-də ABŞ-ın Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında BMT-nin İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası sahəsində əldə olunmuş tərəqqinin dəyərləndirilməsi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçirilib.
80-dən artıq dövlətin məsul nümayəndəsinin iştirak etdiyi bu mötəbər beynəlxalq tədbirdə Azərbaycanı daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Vilayət Eyvazov təmsil edib.
DIN mətbuat xidmətinin məlumatına görə, iclası BMT-nin Baş katibi Pan Gi Mun açaraq İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) qəbulundan keçən üç il müddətində bu istiqamətdə bəzi müsbət dəyişikliklərin baş verdiyini xatırladıb, üzv dövlətlərin böyük əksəriyyətində müvafiq qanunvericiliyin mövcud olduğunu, müəyyən qismində isə insan alverçilərinə qarşı məhkəmələr tərəfindən çıxarılan hökmlərin sayının artdığını diqqətə çatdırıb.
Açılış mərasimində BMT Baş Assambleyasının Prezidenti Vuk Yeremiç, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin icraçı direktoru Yuri Fedotov, insan alverinə qarşı mübarizə üzrə BMT-nin xoşməramlı səfiri xanım Mira Sorvino və digər rəsmi şəxslər çıxış edərək İnsan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının (QFP) icrası və bu sahədə milli səviyyədə görülmüş işlərdən, eyni zamanda, problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, insan alverinin qarşısının alınmasının və bu növ cinayətlərə qarşı mübarizənin ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunmasının prioritet istiqamətlərindən biri olduğunu, dövlət orqanlarının problemin həlli ilə kompleks şəkildə məşğul olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizə üzrə beynəlxalq-hüquqi məkanın tərkib hissəsi kimi, BMT-nin bu sahəyə dair məlum konvensiyalarının tələblərinin icrası yönündə zəruri tədbirlər həyata keçirir. Milli səviyyədə əlaqədar orqanlar qarşısında konkret tapşırıqlar-insan alverini yaradan səbəb və şərtləri sistemli şəkildə öyrənmək, cinayətkarları ifşa edərək məsuliyyətə cəlb etmək, informasiya-təhlil işini gücləndirmək və inzibati təsir metodlarından səmərəli istifadə etmək məsələləri dayanır. Əsas vəzifələr sırasında pasport, viza və digər bu kimi sənədlərin qanunsuz hazırlanması ilə məşğul olan fiziki və hüquqi şəxslərin ifşa edilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlərin səmərəliyinin yüksəldilməsi də vardır.
O deyib ki, respublikamızda insan alverinin qarşısının alınması üçün ən optimal strategiyanın hazırlanması, habelə, məcburi əmək və qanunsuz daşınma, cinsi istismar, insanların donor kimi istifadəsi riskinin aradan qaldırılması məqsədilə ayrı-ayrı marşrutların öyrənilməsi və təhlili aparılır. Bu işdə həmçinin insan alveri qurbanlarının reabilitasiyası və etibarlı hüqiqi-sosial müdafiəsi, eyni zamanda, əhali arasında genişmiqyaslı izahat, təbliğat işləri də önəmli rol oynayır. V.Eyvazov şəxsiyyəti təsdiq edən, ölkəyə gəlməyə və ölkədən getməyə imkan verən sənədlərin biometrik eyniləşdirmə sisteminin yaradılmasını təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsinin vacib elementi kimi dəyərləndirib.
Nazir müavini Azərbaycanda insan alverinə qarşı mübarizəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatları, həmçinin xarici ölkələrin anoloji xidmətləri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Vilayət Eyvazov ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Monitorinq üzrə Ofisinin rəhbəri səfir Luis CdeBaka ilə də görüşüb.
Nazir müavini müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlar və qarşılaşdığı problemlər, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizə, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.
Görüş zamanı insan alverinə qarşı birgə mübarizə aparılması məqsədilə müvafiq sahələrdə mütəmadi monitorinqlərin və maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Səfir Luis CdeBaka geniş məlumata, onu maraqlandıran sualları ətraflı cavablandırdığına görə V.Eyvazova təşəkkür edib, əməkdaşlığın bütün sahələrində, o cümlədən insan alverinə qarşı mübarizədə əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti