İlham Əliyev: “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir”

İlham Əliyev: “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir”
  17 May 2013    Oxunub:1279
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Rəsədxananın yenidən qurulmasını yüksək qiymətləndirən və bunun Azərbaycan elminə bir töhfə olduğunu vurğulayan Prezident İlham ƏLİYEV deyib:

- Son illər burada aparılan tikinti-quruculuq işləri öz bəhrəsini verib. Şamaxı Rəsədxanası uzun illərdir ki, fəaliyyət göstərir. Vaxtilə buraya böyük investisiyalar qoyulmuşdu. Amma sonra bu şəkillər də göstərir, mən də burada birinci dəfə olarkən görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü. Həm burada elmi araşdırmalar aparmaq üçün problemlər yaranmışdı, həm də alimlərin yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş binalar yararsız vəziyyətə düşmüşdü, dağılırdı. Ona görə biz qərara gəldik ki, rəsədxananı kompleks şəkildə bərpa edək.
Mən burada dəfələrlə olmuşam. Çox şadam ki, artıq biz rəsədxananı tam şəkildə yenidən qurduq, bərpa etdik. Çox gözəl şərait yaradılmışdır. Əsas teleskop da təmir edildi. Alimlərin də yaşayış şəraiti yaxşılaşdı. Burada yaşamaq, işləmək üçün bütün imkanlar vardır. Bu, Azərbaycan elminə verilən böyük töhfədir.
Azərbaycan elminin inkişafı üçün əməli tədbirlər görülür. Mənim müvafiq sərəncamlarım olmuşdur. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılmışdır. Elmin İnkişaf Fondu yaradılmışdır. Yəni, Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin. İndi biz elmin ənənəvi və yeni istiqamətləri üzrə ciddi fəaliyyət göstəririk. Bu ilin fevral ayında artıq kosmik sənayenin təməlini qoyduq. Artıq bizim peykimiz orbitə çıxarılıbdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Artıq Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir. İndi görürsünüz hər ay mötəbər siyasi tədbirlər keçirilir. Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir.
Biz əlavə nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, biz bu bazadan yeni layihələrin həyata keçirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək daha da səmərəli olsun. Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır. İndi dünya səviyyəsində olmasına baxmayaraq, hesab edirəm ki, rəsədxananın gələcək inkişafı istiqamətində əlavə addımlar atılmalıdır. Biz aparıcı rəsədxanaların səviyyəsinə qalxmışıq.


Teqlər:  





Xəbər lenti