İnternetdə oğurluğun cəzası ağırlaşdı
Qanuna əsasən, oğurluğun elektron və ya digər məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi oğurluğun ağırlaşdırıcı halları hesab ediləcək və buna görə daha ağır cəza təyin ediləcək.
Dəyişikliyə səbəb son dövrlər internet və digər elektron vasitələrlə vətəndaşların şəxsi hesabından, bankomatlardan pul oğurluğunun artmasıdır.
İnformasiya texnologiyalarının sürətli inkişafı bütövlükdə ölkələr üçün uğur sayılsa da, cinayətkarların da yeni texnologiyalardan istifadə etməklə cəmiyyətə təhlükə yaratmasına şərait yaradır.
İnternetdən və digər müasir texnologiyalardan cinayətin törədilməsi vasitəsi kimi istifadə olunması hallarının tənzimlənməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün dövlət adekvat addımlar atır.
Məcəlləyə edilən bu dəyişiklik də internetdən vətəndaşlara təhlükə yaradan qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində növbəti addım hesab edilməlidir.