Müsabiqədənkənar qəbul üçün 65 müraciət olub
AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir:
“Hazırda onların ərizələri araşdırılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər lazımi sənədləri 1 – 21 may tarixlərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Bu gün də onlar üçün ayrılan vaxt başa çatır”.
Anar