İlham Əliyev gürcü naziri qəbul edib

İlham Əliyev gürcü naziri qəbul edib
  21 May 2013    Oxunub:1359
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilini qəbul edib.

Daxili işlər naziri İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Nazir vəzifəsində ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan İrakli Ğaribaşvili Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlığa xüsusi önəm verdiyini dedi.

O, Gürcüstanın yeni hökumətinin səyləri sayəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bütün sahələrdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirdi.

İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan ilə Gürcüstan arasında qədim tarixi əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Gürcüstanın yeni hökumətinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verməsindən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın da öz növbəsində ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi və geniş sahələri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev cinayətkarlığa qarşı birgə mübarizəni və informasiya mübadiləsini daha da genişləndirməyin önəmini vurğuladı.

Dövlətimizin başçısı Baş nazir Bidzina İvanişvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.


Teqlər:  





Xəbər lenti