Xaricdə ali təhsil almaq istəyənlər bu gündən sənəd verə bilər
Qəbul Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sərəncamına uyğun olaraq həyata keçiriləcək.
Sənəd qəbulunda xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, www.xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər.
Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçiriləcək.
Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər (əsilləri istisna olmaqla) geri qaytarılmır.
Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.
Almaniyanın səhiyyə qanunvericiliyindəki dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada tibb ixtisası üzrə mütəxəssis səviyyəsini bitirən və ya aprobasiya imtahanını müvəffəqiyyətlə verərək rezidenturada təhsil almaq hüququ qazanmış şəxslər müraciət edə bilər.