Elmar Məmmədyarov Uruqvay rəsmisini qəbul edib

Elmar Məmmədyarov Uruqvay rəsmisini qəbul edib
  22 May 2013    Oxunub:1366
Nazir Elmar Məmmədyarov Uruqvayın Nümayəndələr Palatasının spikeri German Kardosonu qəbul edib.
AzVision.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Uruqvayın Nümayəndələr Palatasının spikeri German Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Elmar Məmmədyarov nümayəndə heyətini salamlayıb və bu səfərin iki ökə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açacağını qeyd edib. Azərbaycanın Cənubi Amerika regionu və xüsusilə də Uruqvayla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən nazir Elmar Məmmədyarov, enerji, tikinti-memarlıq, aqrobiznes kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Azərbaycan-Uruqvay ikitərəfli münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edən nazir Elmar Məmmədyarov, Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və parlamentlər arasında təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Uruqvay Nümayəndələr Palatasının spikeri German Kardoso səmimi qəbula görə təşəkkür edib və ölkəsinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. German Kardoso parlamentlər arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edib və Uruqvay Parlamentində fəaliyyət göstərən Uruqvay-Azərbaycan Dostluq Qrupunun fəaliyyətini yüksək qiymətləndirib.O,həmçinin müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Azərbaycana səfərlər zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı reallıqlarla tanış olmaq və münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini yaxından öyrənmək imkanı əldə etdiklərini vurğulayıb. German Kardoso, həmçinin Azərbaycanı tolerantlıq nümunəsi adlandırıb və ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistanın özünü regionda təcrid etdiyini vurğulayıb və destruktiv mövqeyindən əl çəkməli olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, eləcə də mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az



Teqlər:  





Xəbər lenti