Bəxtiyar Hacıyev müsavatçıya cavab verdi
Bəxtiyar Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, Məmməd Əmin Rəsulzadənin adı ilə bağlı olan bir partiyanı bu gün bu səviyyəsiz iddiaları irəli sürən şəxslərin təmsil etməsinə təəssüflənir:
- Müsavat başqanı başqalarına “görün, kimin ümidinə qalmısınız” deyəndə, öz çevrəsinə də baxmalıdır və görməlidir ki, onun müşavir təyin etdiyi insanlar hansı aşağı səviyyədə “qara PR” kampaniyası aparırlar. Bu gün bir neçə gənc müşavirinin əllərində olan bir qəzetlə başlatdığı “qara PR” kampaniyasına müdaxilə etməyən şəxsi mən demokratik dəyişikliklər edəcək şəxs kimi qəbul edə bilmərəm. Bu gün 2 müşavirinə təsir edə, onları başa sala, onların öhdəsindən gələ bilməyən siyasətçinin sabah İran, Rusiya, ABŞ, Britaniya kimi dövlətlərin öhdəsindən gəlməsinə də inanmıram.
Bəxtiyar Hacıyev vurğulayıb ki, Müsavat Gənclər Təşkilatının üzvlərinin iddiaları ilə Lider TV-nin arasında heç bir fərq yoxdur: “Hər ikisi Harvardı bitirmədiyimi, orada kurs keçdiyimi iddia edirlər. Hər ikisi hücum şəkli olaraq “başqalarına xidmət edir, öhdəlik götürüb” ittihamını irəli sürür. Görünür, ağılları öz çevrələrinə gedib”.
Daha sonra gənc fəal qeyd edib ki, Müsavatın hakimiyyətin ən güclü rəqibi olduqlarını iddia etmələri gülüncdür. Onun sözlərinə görə, AXCP-nin Gənclər komitəsi onları bütün göstəricilərə, keyfiyyətlərinə görə üstələyir.
Bəxtiyar Hacıyev İsa Qəmbərə bu müşavirlər komandası ilə seçkilərdə uğurlar arzuladğını söyləyib.
Sevinc İltifatqızı