Mikayıl Cabbarov əmr imzalayıb
Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, nazir bütün ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahını formalaşdırsınlar, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda geniş ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər. Bundan əlavə təhsil müəssisələrinin rəhbərləri nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Onlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Təhsil Nazirliyinin Aparatının rəhbərinə və Ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində yaz semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
Əmrin icrasına nəzarəti nazir Mikayıl Cabbarov öz üzərinə götürüb.
AzVision.az
Teqlər: