ADU-da Respublika günü qeyd edildi

ADU-da Respublika günü qeyd edildi
  27 May 2013    Oxunub:1255
Azərbaycan Dillər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, bu gün Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikologiyası və ölkəşünalıq kafedrasının müdiri Məsməxanım Qazıyevanın təşkilatçılığı ilə 102a qrupunun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Azərbaycan və İngilis dillərində keçirilən tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri və tələbə-müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Bildirilib ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 ili tamam olur. Qeyd olunub ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, həyata keçirilən tədbirlər, islahatlar və dövlət rəmzləri haqqında geniş məlumat verilib.

Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev çıxış edərək tədbirin yüksək şəkildə təşkil olunduğunu bildirib və əməyi keçən hər kəsə öz minnətdarlığını ifadə edib.

Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, İngilis dilinin leksikologiyası və ölkəşünalıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva da çıxışlarında tədbirin təşkilini yüksək qiymətləndirdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti