Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb

Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb
  27 May 2013    Oxunub:1134
AŞPA prezidenti Qarabağ münaqişəsi ilə bağlı AŞPA-nın mövqeyinin dəyişmədiyini vurğulayıb.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında uğurlu əməkdaşlığın yaradılmasından məmnunluq ifadə olunub və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Jan-Klod Minyon Azərbaycana ilk dəfə 2010-cu ildə parlament seçkilərini izləmək üçün müşahidəçi kimi səfər etdiyini, AŞPA prezidenti kimi budəfəki gəlişində isə ölkəmizin daha da inkişaf etməsinin şahidi olduğunu diqqətə çatdırıb. Azərbaycanı Avropa Şurası üçün ən vacib tərəfdaşlardan biri kimi qiymətləndirən Jan-Klod Minyon səfərinin əsas məqsədlərindən birinin ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu və bu işdə hərtərəfli yardım edə biləcəklərini qeyd edib.

Nazir E.Məmmədyarov parlament diplomatiyasının müasir beynəlxalq münasibətlərdə mühüm yer tutduğunu, bu tendensiyanın getdikcə gücləndiyini və bu istiqamətdə ölkəmizin AŞPA ilə münasibətlərə önəm verdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov hazırkı status-kvonun qəbul edilməzliyini və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib. Nazir hazırkı vəziyyətin hər bir tərəfə ziyan vurduğunu və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistanın konstruktiv mövqe tutmalı olduğunu bəyan edib.

Jan-Klod Minyon AŞPA-nın ATƏT-in Minsk Qrupu ilə paralel olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək istəyində olduğunu, bu istiqamətdə səylərini gücləndirəcəyini bildirib. Münaqişənin həlli yollarına toxunan rəsmi qonaq bununla bağlı AŞPA-nın öz mövqeyini hələ 2005-ci ildə bu münaqişə ilə bağlı qətnamə qəbul etməklə ortaya qoyduğunu, bir ölkənin ərazisinin başqa ölkəyə birləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb. O, AŞPA-nın münaqişə ilə bağlı mövqeyinin dəyişmədiyini, qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bir daha bəyan edib.

E.Məmmədyarov AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı olmasını müsbət qiymətləndirdiyini, təkcə AŞPA-nın deyil, eləcə də BMT TŞ-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Azərbaycanın xarici işlər naziri hazırda Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edən Ermənistanın bu təşkilatın üzvü olan Azərbaycanın ərazilərini işğal etməsinin yolverilməz olduğunu qonaqların diqqətinə çatdırıb.

Görüşdə həmçinin regionda baş verən proseslər və aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti