Ədliyyə orqanına qəbulun vaxtı açıqlanıb

Ədliyyə orqanına qəbulun vaxtı açıqlanıb
  29 May 2013    Oxunub:1340
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı iyun ayının 9-da keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı iyun ayının 9-da saat 10.00-da bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcəkdir (Nazirliyin internet səhifəsində imtahan binasına gedişlə bağlı xüsusi videoçarx yerləşdirilib).

Bununla əlaqədar cari ilin fevral ayından başlanmış sənəd qəbulu iyun ayının 4-də başa çatır.

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlərin nəzərinə bir daha çatdırılır ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün onların bilməli və xüsusi diqqət yetirməli olduğu normativ hüquqi aktlara, həmçinin test imtahanının keçirilməsi qaydasına dair xülasə ilə bağlı "Yaddaş kitabçası" əvvəlcədən nazirliyin internet səhifəsində yerləşdirilib və müraciət edənlərə təqdim olunur.

Həmçinin qeyd edilir ki, müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə onlar üçün aprel ayından Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyun ayının 7-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.

AzVision.az


Teqlər:  





Xəbər lenti