Prezident İlham Əliyev forumda çıxış edir

Prezident İlham Əliyev forumda çıxış edir
  29 May 2013    Oxunub:1301
Bu gün Bakıda "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu işinə başlayıb.
AzVision.az xəbər verir ki, forumda Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, parlamentarlar və ekspertlər iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”.

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynadığını deyən prezident təəssüflə qeyd edib ki, bu sahədə hələ də nəticə yoxdur: “İnanırıq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bu məsələ dinc yolla həllini tapacaq”.

ABŞ rəhbərliyi səviyyəsində “status-kvo”nun qəbul edilməzliyinin vurğulandığını deyən prezident Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib: “Sovet İttifaqı dövründə ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və işğalçılıq siyasəti yürüdüb, Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. Artıq ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb”.

Prezident vurğulayıb ki, münaqişənin həlli Cənubi Qafqazda inkişafa səbəb olacaq.

Dövlət başçısı Azərbaycanın Cənub Qaz dəhlizi layihəsində aparıcı dövlət olduğunu və bu layihənin ABŞ tərəfindən də dəstəkləndiyini vurğulayıb: «Bu layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu, enerji mənbələrinin diversifikasiyası üçün önəmlidir. Biz nəhəng qaz yataqları kəşf etmişik. Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri 90-cı illərin ortalarında olduğu kimi mühüm əhəmiyyət daşıyır».

Prezident qeyd edib ki, Azərbaycan bu ildən kosmik ölkəyə çevrilib və kosmosa öz peykini göndərib. O, Azərbaycanın tam sərbəst media və internet məkanı olduğunu, internet istifadəçilərinin sayının hər il artdığını vurğulayıb: «Hər bir ölkə tam azad internet məkanı deyil. Siyasi islahatlar bizim gündəmimizdədir. Bu islahatlar uğurlu sosial və iqtisadi nailiyyətlərlə tamamlanmalıdır. Bizim İslam ölkələri arasında böyük nüfuzumuz var. Eyni zamanda Avropa Şurası ilə sıx əlaqələrimiz mövcuddur».

ABŞ-ın Azərbaycana hər zaman dəstək verdiyini deyən prezident Forumun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bəyan edib.

Daha sonra Azərbaycanla bağlı videorolik nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, ABŞ Konqresinin üzvləri, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, sabiq Nəqliyyat Komandanı Dankn Mak Nab və digər şəxslər iştirak edirlər.(apa)


Teqlər:  





Xəbər lenti