`Mili Şura yaranmamış iflasa uğradı`

`Mili Şura yaranmamış iflasa uğradı`
  29 May 2013    Oxunub:1087
“Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı".
AzVision.az xəbər verir ki, YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində dünən axşam elan olunan Milli Şuraya öz münasibətini bildirib.

Deputatın sözlərinə görə, yeni yaranan layihə cəmiyyətə yarımçıq şəkildə təqdim olundu:

“Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Uzun müddət reklam olunan müxalifət layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu. Bu yeni təsisat nə milli, nə də şura olmadığına görə belə də yaranmalı idi. Əgər bu cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi. Amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olundusa, o milli deyil. Həmçinin cəmiyyətin nüfuzlu ziyalıları orada yoxdursa və cəmiyyət tərəfindən soyuq qarşılandısa, şura funksiyası rolunu yerinə yetirə bilməz.

Əvvəldən məlum idi ki, müxalifətin müəyyən dairələri bu yeni strukturdan qarşıdan gələn prezident seçkilərində məhz özünün sosial bazası kimi istifadə etmək istəyir. Buna görə də nə tərkib barədə razılığa gəlmək mümkün olur, nə də rəhbərlik yoxdur.

İddialı müxalifət liderinin heç biri qarşıdan gələn prezident seçkilərində digərinə qətiyyən güzəştə getməyəcək. Hesab edirəm ki, qarşıdan gələn müddətdə əvvəlki müxalifət birlikləri kimi burada da qarşıdurmanın, ittihamların sonda isə təşkilatın fəaliyyətinin dayandırılmasının şahidi olacağıq. Çünki, müxalifətin təqdim etdiyi Milli Şuraya cəmiyyətin sosial sifarişi yoxdur".

AzVision.az


Teqlər:  





Xəbər lenti