Rusiya ilə Amerika hansı şərtlə barışar? – TƏHLİL

Rusiya ilə Amerika hansı şərtlə barışar? – TƏHLİL
  18 May 2015    Oxunub:3371
Ukrayna böhranı başlayandan bu yana ilk dəfə ötən həftə Amerika dövlət katibi Con Kerri Rusiyaya səfər etdi. Soçi şəhərində Kerrinin prezident Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla dörd saatdan artıq davam edən görüşü barədə mətbuata geniş açıqlama verilmədi. Rusiya prezidentinin köməkçisi Uşakov yalnız onu dedi ki, “Kreml danışıqların açıq, davamlı, işgüzar və kifayət qədər xoşməramlı olduğu qənaətindədir”.

Etiraf etmək lazımdır ki, Ukraynadakı böhran nəinki Amerika ilə Rusiyanın münasibətlərinin pisləşməsinə, ümumilikdə dünya geosiyasi xəritəsində gərginliyin yaranmasına, ümumi iqtisadi tənəzzülə səbəb oldu. Odur ki, ABŞ-la Rusiyanın hansısa məqamda razılığa gəlməsi, gərginliyin aradan qaldırılması ardıq dünya əhəmiyyəti almaqdadır.

Lakin hələ ki, hansısa razılığın əldə olunmasından söhbət gedə bilməz. “Bu, hələ ki irəliləyiş deyil”,- deməklə Uşakov da bunu etiraf edib və hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin bəyanatları da təsdiq edir. Kerri və Lavrov Ukraynanada münaqişə tərəflərinin məlum Minsk razılaşmalarını icra etməli olduqlarını diqqətə çatdırıblar. NATO ölkələrinin xarici işlər nazirlərinin sammitində çıxış edən Kerri Ukraynanın şərqində sülhün təmin edilməsi üçün sanksiyaları qüvvədə saxlamağın vacibliyindən danışıb.

Belə çıxır ki, ən azı 2015-ci ilin sonuna kimi münasibətlərin mülayimləşməsini və sanksiyaların ləğvini gözləmək olmaz. Çünki Minsk razılaşmasının icra müddəti bu ilin sonunda başa çatır. Yaxşı halda, əgər razılaşma hər iki münaqişə subyekti tərəfindən yerinə yetirilərsə, 2016-cı ilin əvvəlindən hansısa irəliləyişin əldə olunmasını gözləmək mümkündür.

Lakin Minsk razılaşmasında da mübahisəli məqamlar çoxdur və rəsmi Kiyev öz maraqlarına uyğun bəndlərin icrasını yubada bilər. Eynilə, Rusiyanın da anoloji addım atması mümkündür. Ölkələr arasında mövcud təbliğat müharibəsinin getdiyini nəzərə alarsaq tərəflərin bir-birini razılaşmaların müddəalaranı yerinə yetirməməkdə və bununla sülh prosesinə maneçilik törətməkdə ittiham etməsi gözlənilən haldır. Nəticədə isə, sülhün əldə olunması yubanacaq.

Məsələn, Minsk razılaşmasında Ukraynaya ilin sonuna kimi konstitusiya islahatı keçirməsi, Donbass və Luqanskın xüsusi statusunu tanımaqla ölkənin federativ quruluşa keçməsi öhdəliyi qoyulur. Bundan əlavə, qiyamçılara qarşı ümumi bəraətin təmin edilməsi, həmin əyalətlərdə seçkilərin keçirilməsi, rus dilinə xüsusi status verilməsi kimi müddəalar razılaşmada yer alır.

Təbii ki, Kiyevin belə güzəştlərə getmək ürəyincə deyil. Lakin bununla belə ölkənin ərazi bütövlüyünə təminat verilməsi və sərhədlərə nəzarətin bütünlüklə Ukraynaya qaytarılması şərtləri Poroşenkonu Minsk razılaşmaları ilə barışmağa vadar edir. İlk baxışdan Rusiyanın öz istəyinə nail olduğu təəssüratı yaransa da, sərhədlər üzərində nəzarətin Kiyevə verilməsi Moskvanın vəziyyətə müdaxilə imkanlarını məhdudlaşdırır, hətta yox edir. Bundan sonra Ukrayna suveren hüququndan istifadə edib öz qanunvericiliyini də dəyişə bilər, Donetsk və Luqanskin statusunu da geri alar və məlum qiyamçıları müxtəlif cinayətlərdə ittiham edərək həbsinə də nail ola bilər. Üstəlik, bu mərhələdən sonra Ukrayna Krıma olan iddialarını da yenidən gündəmə gətirə bilər. Bu isə Putinin Ukrayna kampaniyasının ümumiyyətlə mənasızlığını ortaya çıxarıracaq.

Mövcud reallıqları nəzərə alaraq ehtimal etmək olar ki, hazırkı məqamda Moskvanın əsas istəyi ondan ibarətdir ki, sanksiyalar ləğv edilsin və Qərblə iqtisadi münasibətlər bərpa olunsun. Başqa sözlə desək, neftin qiymətləri qalxsın və Rusiyaya yenidən valyuta axını başlasın.

Bunun əvəzində isə Moskva Krım müzakirə mövzusu olmamaq şərtilə Donbas və Luqanska xüsusi status verilməklə Ukraynaya qaytarılmasına razı ola bilər. Status Moskva üçün ona görə vacibdir ki, Kiyevə təsir imkanı qalsın. Moskva ümid edir ki, bu yolla istədiyi vaxt rus dilli əhalini mərkəzi hakimiyyətə qarşı qaldıra bilər.

ABŞ isə Rusiyanı sanksiyalarla dalana dirəməklə Kremlin geosiyasi cəbhələrdə nə qədər mümkünsə mövqe itirməsinə çalışır. Məsələn, Vaşinqtonun Suriya məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Qərb çalışır ki, Bəşər Əsəd Kremlin dəstəyindən məhrum olsun və artıq simvolik xarakter daşıyan hakimiyyəti ilə vidalaşsın. Ukrayna məsələsinə gəldikdə isə, Qərb bu cəbhədə artıq qələbə qazanıb. Kiyev-Moskva düşmənçiliyinin davam etməsi isə Vaşinqtonu qane edir. Çünki bu amil Ukraynada milliləşmə, milli identifikasiya şüurunun möhkəmlənməsi, ukraynalının rusdan fərqli olması rəyinin güclənməsini təmin edir. Krım məsələsinin açıq qalması Kiyev-Moskva düşmənmiliyinin hələ uzun müddət sürməsinə zəmanət verir.

Tofiq Əsgərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti