“Maaşı 150 manat olan həkim bu cəriməni necə ödəsin?”

“Maaşı 150 manat olan həkim bu cəriməni necə ödəsin?”
  30 May 2013    Oxunub:2006
“Qeysəriyyə əməliyyatı ginekologiyada tətbiq olunan cərrahi üsullardan biridir. Hər üsula görə qanun qəbul etməzlər. Mövcud qanunvericilikdə bununla bağlı bir saxlayıcı norma tətbiq edilə bilər. Ola bilər ki, reproduktiv sağlamlıq haqqında qanunda qeysəriyyə əməliyyatı ilə bağlı saxlayıcı norma tətbiq olunsun”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev qanunsuz olaraq qeysəriyyə kəsiyi əməliyyatının aparılması ilə bağlı cəzaların müəyyənləşməsinə münasibət bidirərkən deyib. Millət vəkili bildirib ki, Nazirlər Kabineti, ya da Səhiyyə Nazirliyi səviyyəsində müəyyən saxlayıcı normalar müəyyənləşdirilə bilər

“Qeysəriyyə əməliyyatı etmək üçün ehtiyatlı olmaq lazımdır. Ciddi göstərişlər olmadan əməliyyata etmək olmaz. Təəssüflər olsun ki, bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda ehtiyac oldu,olmadı,qeysəriyyə əməliyyatı həyata keçirilir. Bu, həkim üçün həm can qurtaran, həm də pullu əməliyyatdır. Çox vaxt özəl klinikalarda həkimlər qeysəriyyə əməliyyatına üstünlük verirlər. Digər tərəfdən də kifayət qədər məlumatı olmayan, doğuşdan çəkinən gənc analarqeysəriyyə əməliyyatına müraciət edirlər. Amma sonrakı ağırlaşmaları nəzərə almırlar. Hesab edirəm ki qeysəriyyə ilə bağlı, Nazirlər Kabineti, ya da Səhiyyə Nazirliyi səviyyəsində müəyyən saxlayıcı normalar müəyyənləşdirilə bilər. Müfaviq qanunlara da əlavə və dəyişikliklər edilə bilər”.

Cərimələrin tətbiq olunmağına gəlincə, millət vəkili deyib ki, qeysəriyyə ilə məşğul olan həkimlərə yüksək cərimənin tətbiq olunması yolverilməzdir :“ Cərimə tətbiq edilərkən iki mühüm amil nəzərə alınmalıdır. Birinci, cərimə olunanın o cəriməni vermə imkanı, ikincisi cəriməni ödədikdən sonra bu əməlindən çəkinməsi. Nəzərə alsaq ki, bugün həkimin maaşı orta hesabla 150 manatdır. Ona 1000 manat yaxud da daha yuxarı cərimələr tətbiq etmək absurddur. Həkim o cəriməni necə ödəyə bilər? Tək cərimə ilə kifayətlənmək olmaz, başqa cəza tədbirləri də seçilməlidir. Həmin həkimə töhmət verilə bilər, ya da doğuş əməliyyatlarından, ginekoloji fəaliyyətdən kənarlaşdırıla bilər. Bunlar daha etik olar, nəinki pul cərimələrinin tətbiq edilməsi”, - deyə M. Quliyev əlavə edib.

Qeyd edək ki, qanunsuz olaraq qeysəriyyə kəsiyi əməliyyatının aparılması ilə bağlı ciddi cəzalar müəyyənləşir. Milli Məclisdə sabah bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 38-7 maddəsinin əlavə olunması müzakirəyə çıxarılacaq. Maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti