“Azərbaycan multikulturalizmin ünvanlarından biridir”

“Azərbaycan multikulturalizmin ünvanlarından biridir”
  31 May 2013    Oxunub:1209
Dünən Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, əslində bu Forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür:


- “Bakı prosesi” 2008-ci ildə başlayıb. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulublar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir.

Prezident deyib ki, bu Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil: “Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olub. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynayıb. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz – istər siyasi, iqtisadi, digər sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əməkdaşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır. Təbii ki, iqtisadi maraqlar da vardır. Bir çox hallarda ölkələri birləşdirən bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır”.

Dövlət başçısı deyib ki, Azərbaycan müsəlman aləminin bir parçasıdır: “Əlbəttə ki, Azərbaycanda milli və dini ənənələr çox güclüdür. Müstəqil Azərbaycan dövləti güclü milli mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olub”.

Prezident qeyd edib ki, Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatında da çox fəal iş aparır:
- Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2018-ci il üçün bu şərəfli ada layiq görülmüşdü. Bununla bərabər, keçən il Bakıda Avropanın və bəlkə də dünyanın ən mötəbər musiqi yarışı – “Eurovision” keçirilmişdi. 2015-ci ildə Birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək. Yəni, bax bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas var, eyni zamanda, biz öz təşəbbüslərimizlə, öz xarici siyasətimizlə və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk. Bu, doğrudan da çox vacib məsələdir, çünki dünyada biz hamımız bunun şahidiyik, həm müsbət, həm də mənfi meyllər var. Son vaxtlar xüsusilə multikulturalizmlə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəzi ölkələrdə hətta siyasətçilər bu barədə açıq bəyanatlar verirlər. İctimai rəydə görürük ki, multikulturalizm meyllərinin inkişafı ilə bağlı çox bədbin fikirlər vardır. Əfsuslar olsun ki, bəzi hallarda siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının, bəzi media qurumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil, əksinə, ayrı-seçkiliyə daha da şərait yaradır. Ona görə burada siyasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət daşıyır. Çünki bugünkü qloballaşan dünyada, internet dövründə istənilən yerdə səslənən hər bir fikir, hər bir söz dərhal dünyada böyük əks-səda verir.
Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə təbliğ etməliyik. Çünki burada, bu Forumda iştirak edən insanları bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir. Belə olan halda biz də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müsbət meylləri gücləndirək.
Yenə də Azərbaycana qayıdaraq deyə bilərəm ki, multikulturalizm Azərbaycanda əsrlər boyu mövcud olub. Sadəcə olaraq əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu, nisbətən yeni bir ifadədir. Tolerantlıq, dözümlülük, multikulturalizm. Ancaq bu amillər daim var idi. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Azərbaycanda qeyd etdiyim kimi, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunur. Biz öz tarixi keçmişimizə çox böyük hörmətlə yanaşırıq. Bakıda zərdüştilik dininin gözəl abidəsi qorunub saxlanılır - Atəşgah. Bu ayın 17-də Şamaxıda ölkəmizin ən qədim məscidi bərpadan sonra yenidən açılmışdır. Məscid 743-cü ildə - 1270 il bundan əvvəl tikilmişdir. Bu gün Azərbaycan bu məscidi bərpa edib. Azərbaycan dövləti Bakıda sinaqoqun tikintisinə də öz dəstəyini əsirgəməmişdir. Qədim alban kilsələri Azərbaycanda dövlət tərəfindən bərpa edilir, qorunur, pravoslav, katolik kilsələri fəaliyyət göstərir.
Yəni, təkcə bax bu faktların sadalanması göstərir ki, doğrudan da multikulturalizm üçün çox gözəl imkanlar vardır. Hesab edirəm ki, dünyanın istənilən yerində bu müsbət meyllər güclənə bilər. Təki siyasi iradə olsun. Təki siyasətçilərdə bu məsələ ilə bağlı düzgün istiqamət üstünlük təşkil etsin. Çünki multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Bu fəallıq müxtəlif formalarla tamamlanmalıdır.


Teqlər:





Xəbər lenti