Sünni-şiə davası nefti bahalaşdıracaq – TƏHLİL

Sünni-şiə davası nefti bahalaşdıracaq – TƏHLİL
  02 İyun 2015    Oxunub:16309
Son illərdə Yaxın Şərqin siyasi sabitlik, iqtisadi inkişaf və regional güc simvoluna çevrilviş Səudiyyə Ərəbistanında baş verən hadisələr Ər-Riyadın əldə etdiyi bu nailiyyətlərin əslində kosmetik xarakter daşımasından xəbər verir.

Məlum olduğu kimi, mayın 29-da Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl Dəmam şəhərindəki şiə məscidinin yaxınlığında avtomobilin partladılması nəticəsində terrorçu da daxil olmaqla, 4 nəfər həlak olub. Bu hadisədən bir həftə əvvəl isə ölkənin şərqindəki Əl Qatif adlanan yaşayış məntəqəsində şiə məscidində baş vermiş partlayış nəticəsində 21 nəfər dünyasını dəyişmiş, 100 yaxın insan isə yaralanmışdı. Bu hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Əslində nə baş verir və Səudiyyə Ərəbistanında sabitliyin pozulmasının səbəbi nədir?

Söhbət təbii ki, regional güc mərkəzlərinin nüfuz savaşının növbəti mərhələsindən gedir. Əsas qarşıduran regional güc mərkəzi kimi bir tərəfdə Tehranın başçılıq etdiyi şiə birliyi, digər tərəfdə isə sünni Səudiyyə Ərəbistanını göstərmək olar. Ancaq sünni cəbhəsində bütövlüyün olduğunu demək olmaz. Qətər və Türkiyə kimi dövlətlər hər nə qədər Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirsələr də, Yaxın Şərqdə Ər-Riyadın hegemonluğu ilə barışmırlar.

2011-ci ildə başlayan ərəb baharı nəticəsində baş verən hakimiyyət dəyişiklikləri sünni qüvvələrin təsir dairəsinin genişlənməsinə gətirib çıxardı. Misirdə Mursi, Yəməndə isə Mənsur Hadini hakimiyyətə gətirən Ər Riyad, sonradan Suriyada aparıan anti-Əsəd kampaniyasına rəhbərliyi də Qətərdən aldı.

Ərəb ölkələrinin simvolik lideri hesab edilən Misirin prezidenti Mursinin İranla yaxınlaşma istəyi onun qısa zamanlıq hakimiyyətinin başa çatması ilə nəticələndi. Ərəb-fars birliyinin yaranması regionda daimi qarşıdurmanın qalmasında maraqlı olan Qərblə yanaşı, regionda hegemonluq iddiasında olan Ər Riyadı qane edə bilməzdi. Çünki Səudilər bunu birliyin başlanğıcı kimi deyil, Misirin İranın təsir dairəsinə keçməsinin başlanğıcı kimi qəbul edirdilər.

Yəmən kampaniyası da Ər Riyad üçün arzulanan nəticə ilə başa çatmadı. Doğrudur, sünni Mənsur Hadi bu ölkədə hakimiyyətə gətirildi. Hadi hakimiyyətə gəldikdən sonra, yəqin ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq İŞİD-çilərlə bacarmadığını bəyan etdi və qonşu ölkələrin hərbi qüvvələrini köməyə çağırdı. Faktiki Səudilərə Yəməni döyüşsüz zəbt etmə nəsib olmuşdu. Lakin İrandan dəstək alan keçmiş prezident şiə Əli Abdullah Saleh ölkənin 50 faizindən artıq əhalisini təşkil edən şiələrin üsyanını qaldırması Səudiyyə Ərəbistanının planını pozdu.

Bu, Tehranın fəal siyasi arenaya qayıdışı oldu. Təsadüfi deyil ki, Ər-Riyad Tehranı Yəməndəki üsyançılara dəstək göstərməkdə ittiham edir. Səudiyyə Ərəbistanı Yəmənə qarşı açıq hərbi müdaxilə yolunu seçdi, lakin bu addımın uğursuzluğa düçar olacağı əvvəlcədən məlum idi.

Səudiyyə Ərəbistanının “demokratik” vasitələrlə qonşu dövlətləri öz təsir dairəsinə keçirə bilməməsi yeni kralın hərbi gücə əl atmaq qərarına vadar etdi. Bu, uğursuz addım olsa da, şiələr üçün təhlükəli hesab oluna bilərdi. Çünki, növbəti hədəfin Livan olacağı istisna olunmurdu. Məlumdur ki, Livan İranın yaratdığı silahlı “Hizbullah” qruplaşmasının nəzarətindədir. Odur ki, Səudiyyə Ərəbistanının qarşısını almaq üçün yeganə vasitə bu ölkənin daxilində sabitliyi pozmaq ola bilərdi.

Səudiyyə Ərəbistanının 27 milyon əhalisinin 8-10 faizi şiədir və onlar əsasən ölkənin şərq hissəsində yaşayırlar. Ölkənin əsas neft mənbələri də şərqdə yerləşir. Bu ölkədəki şiələr hələ 2011-ci ilin ərəb baharında nümayişlər keçirmiş və kral hakimiyyətinə qarşı çıxmışdı. Yəmən kampaniyası isə Səudiyyə Ərəbistanının şərqində şiələrin etirazlarının yenidən artmasına şərait yaratdı. İlk baxışdan, son həftələrdə şiə məscidlərində baş verən partlayışların hakimiyyət tərəfindən təşkil olunduğu və məqsədin onları qurxutmaq olması təəssüratı yarana bilər. Əslində isə, baş verənlər daha çox kənar müdaxiləyə bənzəyir və şiələrin hakim monarx ailədən narazılıqlarının daha da güclənməsinə hesablanıb.

Səudiyyə Ərəbistanının neft hasil olan regionlarında qarşıdurmaların baş qaldırması, üstəgəl, Avropaya neft daşınan Ədən körfəzi və Bab-əl Məndəb boğazı sahillərində yerləşən Yəməndə münaqişənin hökm sürməsi dünya bazarına neft ixracının azalmasına gətirib çıxaracaq ki, nəticədə neftin qiymətinin artması baş verə bilər. Bu isə sanksiyalardan yenicə qurtulmuş İran üçün iqtisadiyyatını dirçəltməsinə əvəzedilməz fürsətlə yanaşı, Livanın sünni koalisiyasının hücumundan sığortalanması deməkdir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti