Şeyxülislam Naxçıvanda məscid açılışında iştirak edib
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində iştirak edib. Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yeni tikilən məscid binasına baxıb, burada yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, sahəsi 306 kvadratmetr olan 1 minarəli məscid salon, axund otağı və kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılıb, qadınlar üçün ayrıca ibadət yeri ayrılıb, mehrab qurulub. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilib.