Con Kerri: “Qarabağ məsələsini müzakirə etmişik”

Con Kerri: “Qarabağ məsələsini müzakirə etmişik”
  04 İyun 2013    Oxunub:1462
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerri ilə görüşüb.
AzVision.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı C. Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd edib.

Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı bildirib ki, o keçən ay bir neçə dəfə Azərbaycan prezidenti İlham Əliyevlə müxtəlif məsələlərlə bağlı danışıqlar aparıb. Onun sözlərinə görə, Azərbaycan müxtəlif din və məzhəbə malik insanların birgə yaşaması və inkişafı üçün münasib məkandır.

Kerri söyləyib ki, o prezident İlham Əliyevlə Dağlıq Qarabağ məsələsini müzakirə edib. Dağlıq Qarabağ münaqişəsini donmuş münaqişə adlandıran Kerrinin sözlərinə görə, bu münaqişə regionun stabilliyinə təhlükədir. Minsk qrupunun üzvü kimi ABŞ, məsələnin həll edilməsində Azərbaycan və Ermənistana kömək etməkdə maraqlıdır. Kerri həmçinin vurğulayıb ki, ABŞ eyni zamanda, Azərbaycanın regionda və onun qonşuları ilə sülh və sabitlikdə yaşamasında maraqlıdır.

Vaşinqtonda Amerika Yəhudi Komitəsi qarşısında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov antisemitizm, irqi ayrı-seçkilik və plüralizmə qarşı mübarizə barədə danışıb. E.Məmmədyarov Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə danışan nazir “status-kvo”nun dəyişməli olduğunu qeyd edib, danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı E. Məmmədyarov C. Kerrini Bakıya rəsmi səfər etməyə dəvət edib. C. Kerri öz növbəsində belə səfərin həyata keçirilməsində çox maraqlı olduğunu qeyd edərək dəvəti məmnuniyyətlə qəbul edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti