Azərbaycan multi-festivalda təmsil olunub
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, mayın 31-dən iyunun 2-dək davam edən festivala Türkiyə və Azərbaycandan başqa, Orta Asiya, Yaxın Şərq və digər bölgələrin türkdilli xalqları da iştirak edib.
Festivalda Azərbaycanı "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri, eləcə də Niderland Krallığında yaşayan azərbaycanlılar təmsil edib.
Azərbaycan stendinə milli geyimlərimiz, tariximizi, mədəniyyətimizi əks etdirən kitab və suvenirlər sərgilənib. Azərbaycan cəmiyyətlərinin üzvləri ziyarətçilərə ölkəmiz, mədəniyyətimiz, tariximiz, mətbəximiz, xüsusilə də Qarabağ haqqında məlumat veriblər.
"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Mayisə Ağamirzəyeva deyir ki, belə tədbirlər Niderlandda yaşayan xalqların bir-biri ilə yaxınlaşmasına təkan verir: “Hollandiya kiçik ölkə olmasına baxmayaraq, burada çox sayda fərqli mədəniyyətlərinin təmsilçiləri olan xalqlar yaşayır.
Bu, qlobal mənada yaxşı olsa da, bəzən xoşagəlməz hallara da yol açır. Hökumət və QHT-lər mədəniyyətlərarası dialoq, diskussiya, təhsil kursları, konfrans və seminarlar təşkil etməklə belə fəsadların qarşısını alır.
Multi-festivallar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, hər bir xalq öz mədəniyyətini, mətbəxini, tarixini bir neçə gün ərzində təbliğ etməyə nail olur.
Bu festivalda müxtəlif sektordan olan şirkət və qurumlar da öz mallarını, işlərini reklam etmək fürsəti tapır. Rəngarəng çeşidlərlə modern bazarların təşkil edildiyi stendlərdə minlərlə insan alış-veriş edərək qaynayıb-qarışırlar”.
Multi-festivallarda təmsil olunan ölkələrin antik əşyaları ilə bərabər, gündəlik tələbat malları da insanlara təqdim edilir. Uşaq atraksionları, əyləncə, musiqi, rəqs, mətbəx, xeyriyyə aksiyaları, atelyeler, tibb məntəqəsi ziyarətçilərin ixtiyarına verilir.
İstər Hollandiyada, istərsə də digər ölkələrdə fəaliyyət göstərən sağlıq qurumları, xəstəxana və klinikalar həkimlərlə festivala qatılaraq insanların sağlıq problemlərini çözməklə xidmət göstərirlər.
Fərqli dad və mədəniyyətlərin birləşdiyi zəngin mətbəx stendlərində hər bir xalqın damaq dadına uyğun çeşid-çeşid yeməklər ziyarətçilərə təqdim edilərək həm təbliğ edilir, həm də insanlara xidmət göstərir.
Rotterdamda keçirilən multi-festivalda Türkiyənin məşhur sənətçiləri də iştirak edib.