BP “Alıcı ilə tanış ol” aksiyasına başlayıb
Bu tədbir BP və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 90-dan artıq yerli şirkətə öz potensial müştəriləri ilə görüşmək imkanı yaradır. Bura biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis layihələndirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər sahədə fəaliyyət göstərən şirkətlər aiddir. Bundan başqa, təxminən 400 potensial alıcı tədbirdə iştirak etməyə və bu şirkətlərlə görüşməyə dəvət olunub.
Toplantıda bildirilib ki, bu ilin sonunda BP-nin idarə etdiyi «Şəhdəniz Mərhələ-2» layihəsi üzrə yekun investisiya qərarı veriləcək. Bu layihə üçün aparılan hazırlıq işləri çərçivəsində BP həmçinin Mərhələ-2 üzrə yerli istehsal proqramı hazırlayıb. Bu proqramın məqsədi layihə çərçivəsində avadanlıq və materialların alınmasında yerli resurslardan istifadəni artırmaqdır. Artıq 4 yerli şirkət «Şahdəniz Mərhələ-2» layihəsinə lazım olacaq malların potensial təchizatçısı seçilib.
BP-nin əlaqələr və xarici işlər üzrə vitse-prezidenti Hüseyn Məmmədov çıxışı edərək bildirib ki, onlardan bu malları müstəqil şəkildə və ya beynəlxalq təchizatçılarla yaradılan birgə müəssisələr çərçivəsində istehsal etmək gözlənilir:
“Bu, faktiki olaraq yeni təcrübədir və ilk dəfədir ki, şirkət öz təchizat-tədarük işlərinə başlamazdan əvvəl yerli müəssisələri dəstəkləyərək onların bizim tələblərimizə cavab verəcək şəkildə inkişaf etdirilməsinə imkan yaradır”.
Xatırladaq ki, sahibkarlığın inkişafı və təlim proqramı 2007-ci ildə fəaliyyətə başlayıb. İndiyədək icrasına milyonlarla dollar yatırılan bu proqram çərçivəsində 1 000-dən artıq yerli kiçik və orta müəssisədə təlimlər keçilib. Bunlardan 100 şirkət təlimləri uğurla başa vurub, 38 şirkət isə bu vaxtadək tenderlərdə qalib gələrək BP ilə dəyəri 182 mln. dollar olan müqavilələr imzalayıb. Bu isə onlara 1 300-dən artıq yeni iş yeri açmağa və öz müəssisələrinə 2,2 mln. dollar həcmində investisiya yatırmağa imkan verib.
Anar
Teqlər: