2 min əcnəbi ölkədən çıxarılıb

2 min əcnəbi ölkədən çıxarılıb
  05 İyun 2013    Oxunub:1097
Ötən ay Azərbaycanda 2267 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, belə ki, ötən ay ərzində 2622 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

22 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Bundan başqa, 333 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2125 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 142 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 6727 müraciət daxil olub.
Həmçinin, ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 44 999 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 76 sahibkarlıq subyektində yoxlamalar aparılıb.

Keçirilmiş tədbirlər nəticəsində 42 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.


Teqlər:  





Xəbər lenti