Volqoqradda `Bakı` parkı salınır
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd edib ki, bu gün Volqoqradda "Bakı" beynəlxalq parkının tikintisinə start verilir.
O.Kirsanov deyib: "Parkın tikintisinin başlanması və onun yaxın vaxtlarda başa çatdırılması tarixi şəhərimizin xəritəsində yeni inci görməyə imkan verəcəkdir. Biz beynəlxalq əməkdaşlığımızın yeni təməl daşını qoyuruq. Bütün volqoqradlılar adından azərbaycanlı dostlarımıza demək istəyirəm ki, biz həmişə sizi burada görməyimizə şadıq, siz Volqoqrad torpağında ən sevilən qonaqlarsınız. Yeni parkın bünövrəsinə qoyacağımız kapsul dövlətlərimizin gələcəyinin rəhnidir".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə "Bakı" parkının bünövrəsi qoyulacaqdır. Parkın salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilib. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınıb.
Ə.Həsənov deyib: "İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaqdır. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur.
Bu qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırıblar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaqdır".
Əli Həsənov bildirib ki, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir. Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar vardır. Onlar vilayətin ictimai-siyasi həyatına fəal iştirak edirlər.
Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: "Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilib. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinin, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik".
Əli Həsənov və Vladimir Çernov gələcək nəsillərə ünvanlanmış müraciəti imzalayıblar.
Müraciətdə deyilir: "Biz, forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, salınacaq park təkcə şəhərlərimiz arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park birgə səylər nəticəsində yarandığı kimi, biz də gələcək nəsillərin rifahı naminə Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqlarının qarşılaşdıqları bütün çağırışları birlikdə dəf edəcəyik. Bu kapsulu bünövrəyə qoymaqla bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolu ilə getmək barədə birgə niyyətlərimizi təsdiq edirik".
Sonra kapsul yeni parkın bünövrəsinə qoyulub.