Tuskun Bakıya səfəri nələri göstərdi? – TƏHLİL

Tuskun Bakıya səfəri nələri göstərdi? – TƏHLİL
  29 İyul 2015    Oxunub:3338
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri göstərdi ki, Avropa İttifaqında Şults və Lunaçik kimi antiazərbaycan ovqatlı siyasətçilər varsa, Donald Tusk kimi Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirən nüfuzlu siyasətçilər də mövcuddur. Elə siyasətçilər ki, problemlərin müzakirəsi ilə yanaşı dövlətlərin bərabərhüquqlu münasibətlərinin və daxili işlərə qarışmamağın tərəfdarıdırlar.

Nəzərə alaq ki, Polşanın keçmiş baş naziri olan Donald Tusk Yunanıstanın da Avropa İttifaqında alçaldılması və bir sıra dövlətlərin hegemonluq iddialarına etiraz edən siyasətçidir. O, Yunanıstanın baş naziri ilə kəskin dildə danışanlara “Biz dostumuza kömək etmək istəyiriksə, onu alçaltmamalıyıq” demiş və alqışlarla qarşılanmışdı.

Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana münasibəti və elan etdiyi mövqe real siyasətin konturlarını göstərir. D.Tusk realist və şərqi Avropa problemlərinə yaxından bələd olan siyasətçidir, bu səbəbdən Azərbaycana münasibəti də pozitivdir. Eyni zamanda o, Avropada hegemonluq etmək arzusunda olan dövlətlərin aqressiv siyasətindən tarixboyu əziyyət çəkmiş - bir neçə dəfə ərazisi böyük dövlətlər tərəfindən bölüşdürülmüş, iki dünya müharibəsində darmadağın edilmiş Polşanı təmsil edir. Odur ki, Donald Tuskun Azərbaycana ədalətli münasibətinin Polşanın siyasi tarixinin dərsləri ilə də əlaqəsi olmamış deyil.

Bu səfər haqda danışmazdan əvvəl onların qlobal fonuna diqqət yetirmək vacibdir. Bir tərəfdən dünyada praktik olaraq iqtisadi və siyasi çoxqütblülük formalaşıb, o biri tərəfdən də Ukraynada Krım probleminin meydana çıxması ilə Avropa İttifaqı və ABŞ-da “10 Helsinki prinsi” sırasından “ərazi bütövlüyü” aparıcı amilə çevrilib. Geosiyasi çoxqütblülük və “ərazi bütövlüyü”nün güc mərkəzlərinin marağına uyğun olması Azərbaycan üçün yeni və əlverişli beynəlxalq siyasi vəziyyət yaratdı. Prezident İlham Əliyev bu yeni situasiyanı dərhal dəyərləndirərək Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərin azad olunması üçün güzəştsiz siyasət aparmağa başladı. Strategiya belədir: Azərbaycanın ərazi bütövlüyü məsələsi Ukraynanın ərazi bütövlüyü məsələsi ilə eyni müstəvidə baxılmalıdır. Ancaq elə qüvvələr var ki, onlar bu iki oxşar məsələni bir-birindən ayırıb, onlara müxtəlif, hətta bir-birinə zidd prinsiplər əsasında yanaşmanı qəbul etdirməyə çalışırlar.

Belə situasiyada Azərbaycanın müxtəlif dairələrlə sərt dioloqu müşahidə olundu. Və bir daha milli maraqlardan güzəştə getməmək üçün ciddi müqavimət göstərmək və öz ədalətli mövqeyini qəbul etdirmək lazım gəldi. Ancaq belə görünür ki, sonda Azərbaycanın mövqeyinin ədalətli olması, milli maraqları qətiyyətlə müdafiə etməsi və yaranmış real beynəlxalq siyasi vəziyyət səbəbindən rəsmi Bakının mövqeyini qəbul etməyə başladılar. İyulun 2-9-da ATƏT PA-nın 24-cü illik sessiyasında münaqişələrin həlli ilə bağlı qəbul edilmiş qətnamə Azərbaycanın istədiyi və beynəlxalq hüquqa tam uyğun müddəaları təsdiqlədi.

Həmin müddəalardan ən mühümü Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələrin “ərazi bütövlüyü” prinsipinin əsas götürülməsi ilə həllinin vacibliyini təsdiqlədi. İkinci mühüm məqam isə “ərazi bütövlüyü” prinsipinin Helsinki prinsiplərindən daha biri olan “xalqların müqəddəratını təyinetmə” prinsipindən üstün tutulması və onun yalnız ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsinin mümkün olduğunu rəsmən bir daha elan etdi.

Beləliklə, Prezident İlham Əliyev 2014-cü ilin fevralından başlayaraq apardığı Qarabağ münaqişəsinin Ukrayna münaqişəsinin həlli ilə eyni paketə daxil edilməsi uğrunda diplomatik mübarizəsi ilk mühüm nəticəsini verdi: Qarabağ münaqişəsinin həllində əsas qurum olan ATƏT-in PA-sı bu siyasətin rəsmi əsasını qoydu. Ancaq bu nəticəyə gedən yol asan olmadı. Azərbaycan və şəxsən Prezident ən müxtəlif mərkəzlərdən sinxronlaşdırılmış hücumlara məruz qaldı. Amma bu yoldan geri çəkilmədi.

Çoxqütblülük məhz bu kontekstdə diplomatik manevrlər üçün imkan yaratdı. Prezident çoxqütblü dünyanın verdiyi imkanlardan maksimim istifadə edərək Azərbaycanın milli marağını rəsmiləşdirməyə nail oldu. Nəticə belədir: Ukrayna münaqişəsinin həllinə tətbiq olunan prinsiplər Dağlıq Qarabağ münaqişəsinin həllinə də tətbiq olunmalıdır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıda verdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipləri haqda bəyanat da elə ATƏT PA-nın qəbul etdiyi qətnamənin yuxarıda qeyd etdiyimiz müddəlarına uyğun idi.

Deməli, Avropa İttifaqı Azərbaycan Prezidentinin mövqeyi ilə razıdır və bu məsələdə mövqelər üst-üstə düşür. Ümumilikdə isə D.Tuskun münaqişənin həllinə dair verdiyi bəyanatda 5 mühüm aspektə də diqqəti yetirmək vacibdir:

- “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır. Avropa İttifaqı və ona üzv olan dövlətlər “Dağlıq Qarabağ respublikasını” tanımır. Bu Aİ Prezidentinin münaqişəyə dair birmənalı bəyanatıdır;

- D.Tuskun münaqişə ilə bağlı bəyanatının diqqəti cəlb edən və onun da üzərində xüsusi dayandığı məqam status-kvonun qəbuledilməzliyi haqdadır;

- münaqişənin həlli Aİ üçün prioritetdir;

- münaqişənin sülh yolu ilə həllinin vacibliyi;

- “ola bilsin bizə daha çox səbr lazımdır” ifadəsi.

ATƏT PA-nın sözügedən qətnaməsi və Donald Tuskun Bakıda verdiyi bəyanata əsasən demək olar ki, Prezident İlham Əliyevin 2014-cü ilin fevralından 1 il yarım ərzində apardığı diplomatik səylər qarşıya qoyulmuş proqramın mühüm bir hissəsinin yerinə yetirilməsi ilə başa çatıb. İndi qəbul olunmuş prinsiplərin praktikada tətbiqi mərhələsi başlayır. Və yenə də çoxqütblülüyün verdiyi imkanlar bu məsələdə də əsas mexanizmlərdən biridir.



Aİ isə çoxqütblü dünyanın mühüm aparıcı elementidir. Prezident İlham Əliyev D.Tuskun səfərini “əlaqələrimizdə əhəmiyyətli gün” kimi xarakterizə etdi; Əlaqələrin inkişafından razılığını bildirdi; Gələcək üçün planların olduğunu bəyan etdi; Nəhayət, “regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən” məsələlərin müzakirə olunmasından razılığını bildirdi.

Regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlər isə təbii ki, strateji əhəmiyyət kəsb edən məsələlərdir. Danışıqlardan sonra isə artıq Prezident İlham Əliyev “müsbət irəliləyiş” ifadəsindən istifadə etdi: “Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişafı görürük. ...Bizim sıx siyasi münasibətimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik”.

Danışıqların yekunu haqda Donald Tuskun bəyanatı münasibətlərin strategiyası haqda anlaşmanın nədən ibarət olduğuna ortaya qoydu: “Biz yeni, geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərimizin daha yaxşı necə irəliləməsinə dair müzakirə apardıq. Biz yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik”.

Regional təhlükəsizlik məsələlərinə gəldikdə isə bu kontekstdə konkret problem Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətdən, təbii ki, o cümlədən Aİ-dən gözləntilərini konkret ifadə etdi. Donald Tusk isə cavabında Qarabağ münaqişəsinin Ərazi bütövlüyü; Suverenlik və müstəqillik prinsipləri əsasında həllinin vacibliyini elan etdi; Münaqişənin həllini Aİ üçün prioritet elan etdi; Status-kvonun yolverilməzliyini dedi.

Beləliklə, Donald Tuskun Qarabağ münaqişəsinə dair bəyanatı indiyə qədər olan, məsələn Barrozunun bəyanatından daha konkret və birmənalıdır: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır. Avropa İttifaqı və ona üzv olan dövlətlər “Dağlıq Qarabağ respublikasını” tanımır. Status-kvo qəbulolunmazdır. Dağlıq Qarabağ münaqişəsinin həlli Aİ üçün prioritet olaraq qalır”.

2014-cü ildə J.M.Barrozu tərəfindən verilmiş bəyanatla 2015-ci ildə D.Tusk tərəfindən verilmiş bəyanatların məzmun fərqi ortadadır. Bu fərq Prezident İlham Əliyevin son 1 ildə apardığı siyasətin diplomatik nəticəsidir. Və bu Aİ-dən yalnız münaqişənin həllində dəstək istəyən Azərbayacana doğru Aİ-nin atdığı addım kimi qiymətləndirilə bilər.

Avropa İttifaqının Azərbaycana tərəf atdığı ikinci mühüm addım odur ki, “Şərq” tərəfdaşlığı proqramına münasibətdə ölkəmizin mövqeyi nəzərə alınacaq. D.Tusk Qarabağ münaqişəsi ilə bağlı olduğu kimi, bu məsələdə də kifayət qədər konkret idi: “Biz “Şərq tərəfdaşlığı” proqramını da müzakirə etdik. Avropa İttifaqının niyyəti ondan ibarətdir ki, bu siyasət inkişaf etdirildikcə hər bir tərəfin maraqları və arzuları daha yaxşı nəzərə alınsın”. Azərbaycanın da istəyi elə budur.

Donald Tuskun səfəri zamanı Aİ-nin Azərbaycan və Prezident İlham Əliyevi təkcə Cənubi Qafqazla bağlı deyil, Mərkəzi Asiya və Yaxın Şərqlə bağlı siyasətdə də vacib tərəfdaş kimi qəbul etdikləri, daha doğrusu Azərbaycanın və Prezident İlham Əliyevin Mərkəzi Asiya və Yaxın Şərq məsələlərində də xüsusi rolu etiraf olunur.

2014-cü ilin əvvəlində Davos Forumunda Mərkəzi Asiyaya Avropa investisiyaları məsələsi məhz Prezident İlham Əliyevlə müzakirə olunmuşdu və onun bu işdə vasitəçiliyi və dəstəyi istənilmişdi. İndi isə D.Tuskla müzakirədə də Mərkəzi Asiya və Yaxın Şərq məsələləri gündəlikdə olub. Bu, Azərbaycanın daha bir strateji əhəmiyyətini göstərən istiqamətdir. Həm də o deməkdir ki, Azərbaycan Mərkəzi Asiya üçün də təkcə coğrafi deyil, həm də siyasi və iqtisadi, təhlükəsizlik qapısıdır. Bu da coğrafi mövqeni düzgün qiymətləndirərək, coğrafiyadan düzgün istifadə nəticəsində mümkün olur. Yəni düzgün siyasət olmayanda, əksinə, coğrafi mövqe millətin başbəlasına, doğru istifadə olunduqda isə üstünlüyünə çevrilir.

İndiki halda sadaladığımız faktlar göstərir ki, Azərbaycanın coğrafi mövqeyi milli maraqlar üçün düzgün istifadəyə yönəldilib. Nəticədə Azərbaycan Avropanın Mərkəzi Asiya siyasətində açar dövlətə çevrilib. Həm də Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə yaratdığı münasibətlər Prezident İlham Əliyevi Mərkəzi Asiya dövlətləri üçün də etibarlı tərəfdaşa çevirib. Yəni onu həm Avropa, həm də Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi qəbul edirlər.



Yaxın Şərq məsələsi isə hazırda daha aktualdır. Beləki, Türkiyə və ABŞ-ın Suriya ərazisində İŞİD və PKK-ya qarşı hərbi əməliyyatlarına paralel olaraq Ermənistan silahlı qüvvələri Gədəbəy və Tovuzda atəşkəsi intensiv şəkildə pozmağa başladılar. Bu da Ermənistanın hansı böyük oyunun içərisində olduğunu göstərir.

Ancaq prezidentlərin bəyanatları göstərir ki, strateji tərəfdaşlıq başqa sahələri də əhatə edir və edəcək. Prezident İlham Əliyev Aİ-ni Azərbaycan üçün fövqəladə əhəmiyyət kəsb edən BTQ dəmiryolu ilə daşımalarda strateji tərəfdaş kimi gördüyünü bəyan etdi. Təbii ki, bu marşurut Aİ üçün də fövqəladə əhəmiyyət kəsb edir və Azərbaycanın da Avropa üçün strateji əhəmiyyətini müəyyənləşdirən layihədir. Enerji sahəsində isə Azərbaycanın Aİ üçün əhəmiyyəti əvəzolunmazdır. Donald Tusk Azərbaycanı etibarlı tərəfdaş və yeni şaxələndirmə mənbəyi kimi xarakterizə etdi. Bu isə Azərbaycana əvəzolunmazlıq imkanı verir.

Demokratiya, insan haqları məsələlərinə gəldikdə isə Aİ Şurasının prezidenti Donald Tusk bu mövzu ilə bağlı fikirlərini ifadə etdi. Prezident İlham Əliyev isə Azərbaycanın Avropa ilə dini tolerantlıq və multikulturalizmlə bağlı problemlər sahəsində əməkdaşlıq edə biləcəyini vurğuladı. Yəni Avropa demokratiya məsələsində dəstəyini, Azərbaycan isə dini tolerantlıq və multikulturalizm sahəsində yardımını təklif etdi. Yəni bu istiqamətdə də bərabərhüquqluluq və tərəfdaşlıq prinsipi əsas götürülür.

Beləliklə, Azərbaycan - Avropa İttifaqı sammitinin nəticələri nədən ibarətdir? Prezident İlham Əliyevin 13 iyul 2015-ci il müşavirəsində səsləndirdiyi və onun etirazına səbəb olan məqamlarla Donald Tuskun səfərinin nəticələrini müqayisə etdikdə bütövlükdə yekunun nədən ibarət olduğunu görmək mümkündür. Məsələn, Prezidentin müşavirədə səsləndirdiyi iradlar bunlar idi: Assosiasiya sazişinin Azərbaycanı qane etməməsi; Avropada bəzi dövlətlərin başqa üzvlərdən üstün mövqe, hegemonluq uğrunda mübarizəyə başlaması, çətin vəziyyətə düşənlərin alçaldılması nümunəsi; Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz münasibət.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıya səfərinin nəticələrini həmin bu parametrlər üzrə müqayisə edək. Assosiasiya sazişinin Azərbaycanı qane etməməsi məsələsi haqda Tuskun bəyanatı belədir: “Bu məsələ üzrə hər bir tərəfin maraqları və arzuları daha yaxşı nəzərə alınsın”. Bu Azərbaycanın mövqeyinin nəzərə alınmasıdır və Azərbaycanı qane edir.

İkinci irada münasibətdə isə onu demək lazımdır ki, məhz polşalı Donald Tuskun Bakıya gəlməsi və uğurlu danışıqlar aparması Aİ-nin Azərbaycanla münasibətlərdə Avropada hegemonluq iddialarında olan dairələrin prinsiplərini deyil, həmin hegemonluğa qarşı duranların, bərabərhüquqlu tərəfdaşlıq istəyənlərin prinsipləri tətbiq edilir. Artıq biz qeyd etdik ki, D.Tusk Yunanıstanın alçaldılmasına etiraz edən qrupa aiddir. Bu da Azərbaycanı qane edir.

Keçək Azərbaycan Prezidentinin etirazına səbəb olmuş “Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz münasibət”lə bağlı üçüncü məqama. Biz artıq əvvəldə qeyd etdik ki, Donald Tuskun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı Barrozunun 2014-cü ilin iyununda Bakıya səfəri zamanı verdiyi bəyanatdan xeyli konkret, birmənalıdır. Bu bəyanat münaqişənin həllində ərazi bütövlüyü, suverenlik, müstəqillik prinsiplərini əsas götürür. Onun bəyanatında ümumiyyətlə “müqəddəratı təyinetmə” ifadəsi yox idi. Eyni zamanda D.Tuskun status-kvonun yolverilməzliyi haqda mövqeyi Azərbaycan Prezidentinin mövqeyi ilə tam üst-üstə düşür. Bu müddəa üzrə də mövqe Azərbaycanı qane edir.

Beləliklə, Azərbaycan Prezidentinin 13 iyul müşavirəsində səsləndirdiyi əsas 3 etiraz məqamı üzrə Donald Tuskun səfərinin nəticələri Azərbaycanı qane edir. Və bir daha qeyd edək ki, bu nəticə Prezidentin təqribən son 1 ildə apardığı gərgin diplomatik mübarizənin nəticəsidir. Bu nəticələr Azərbaycanın maraqlarının qorunmasında əhəmiyyətli irəliləyiş deməkdir.

Yeri gəlmişkən, həmsədrlər də fəallaşıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat yaydılar. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sonunda görüşəcəkləri haqda məlumat var. Bu, Dağliq Qarabağ münaqişəsinin nizamlanmasında yeni bir mərhələnin başlanmasıdır. Belə ki, ötən bir ildə əvvəlki illərdən fərqli olan yeni geosiyasi, yeni iqtisadi, yeni beynəlxalq hüquqi və nəhayət, yeni hərbi vəziyyət formalaşıb.

Yeni vəziyyətin konkret parametrləri belədir: Geosiyasi aspekt: Aİ və ABŞ-la Rusiya arasında siyasi və iqtisadi münasibətlər gərginləşib;

Daxili sosial-iqtisadi və siyasi aspekt: Ermənistanda iqtisadi vəziyyət xeyli pisləşib və daxili siyasi qarşıdurmalar dövrü başlayıb. Qışa doğru onun daha da gərginləşəcəyi gözlənilir;

Beynəlxalq hüquqi aspekt: ATƏT və Aİ münaqişələrin həllində ərazi bütövlüyünü əsas prinsip kimi qəbul edir və onu sənədlərdə təsdiqləyirlər;

Hərbi aspekt: Artıq 1 ildir ki, Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirmək cəhdləri onun məğlubiyyəti ilə nəticələnir. 2014-cü ilin iyul-avqustundakı “ongünlük gərginlikdən”dən sonra Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində üstünlüyü ələ alıblar.

Azərbaycan Prezidenti bu yeni vəziyyətin imkanlarına uyğun çevik Qarabağ strategiyasını qurub. İndi bu yeni situasiyaya uyğun yeni strategiya masa üzərinə qoyulacaq.

İbrahim Məmmədov
“Azərbaycan qəzeti”


Teqlər:





Xəbər lenti