Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olduq
Görüş zamanı şəhərin yerləşdiyi bölgədə fermerlər və təsərrüfat subyektləri üçün dövlət tərəfindən ayrılan ödəmələrin kompüterləşdirilmiş idarəetmə və fəaliyyət sisteminə əyani baxış keçirilib, hər iki ölkədə subsidiyaların ödənilməsi prosedurlarına dair fikir mübadiləsi aparılıb. İ. Abasov Azərbaycanda subsidiyaların ödənilməsi mexanizminin fəaliyyəti barədə qarşı tərəfə məlumat verib ki, Rumıniya tərəfi Azərbaycanın bu sahədəki təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
İ. Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında da iştirak edib. Baş Assambleyada Azərbaycanın təşkilata nəzərdə tutulan üzvlüyü ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən video-çarx təqdim edilib. Daha sonra nazir İ.Abasov çıxış edərək Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər, bu sahənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı», bu sahəyə ayrılan subsidiyalar, habelə Azərbaycanla Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında üzvlükdən sonrakı dövr üçün əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
İ. Abasov 2012-ci ilin noyabrında Azərbaycanın Gəncə şəhərində keçirilmiş 1-ci Beynəlxalq Üzüm və Şərab Festivalının Azərbaycanın üzümçülük və şərabçılıq ənənələrinin möhkəmləndirilməsində xüsusi rolunu qeyd edərək, tədbir iştirakçılarını cari ilin noyabrın 9-10-da Gəncədə keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.
Daha sonra Beynəlxalq Üzüm və Şərab Təşkilatının prezidenti Klaudia İnes Quini və təşkilatın baş direktoru Federiko Kastelluççi nazir İ.Abasovu təşkilatın prosedur qaydalarına uyğun olaraq Azərbaycanın təşkilata rəsmən üzv olması ilə əlaqədar təbrik edib.
Proqrama uyğun olaraq, Baş Assambleyada təşkilatın baş direktoru vəzifəsinə seçkilər keçirilib və Fransa nümayəndəsi Jan Mari Aurand təşkilatın yeni baş direktoru seçilib. İ.Abasov yeni baş direktoru təbrik edib və onu cari ilin noyabr ayında Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.
Azvision.az