AMEA-dan “Euronews”a CAVAB
Verilişdə Gəncə şəhəri Əhəməni imperiyasının ərazisi, Nizami Gəncəvi isə fars şairi kimi təqdim olunub.
Veriliş hazırlanarkən Gəncədə fəaliyyət göstərən 100-dən artıq ictimai-humanitar sahə üzrə alimlər, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin görkəmli nizamişünas və tarixçi alimlərindən deyil, bu sahədən uzaq heç bir elmi fəaliyyəti olmayan insanlardan müsahibə alınıb və nəticədə həm Gəncənin qədim tarixi, həm də Nizami Gəncəvinin milli mənsubiyyəti özgələşdirilib.
Nizami Gəncəvi öz əsərlərində türk olduğunu dəfələrlə qeyd etmiş, hətta fars millətçisi kimi tanınan nizamişünas Zərrin Kub belə dahi şairin və onun Vətəni Gəncənin türk olmasını qeyd edib.
Gəncə şəhərində 900-dən artıq tarixi memarlıq abidələri, 30 min arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş eksponatlar mövcud olduğu halda “Euronews” telekanalı şəhər ətrafında yerləşən kəndləri və kənd həyatını çəkərək şəhər mədəniyyəti kimi təqdim etmiş, həmçinin Gəncə şəhərini fars şəhəri adlandırmışdır. Hətta məşhur ərəb tarixçisi İbn Əzrək Gəncənin türk şəhəri olduğunu öz əsərlərində isbat edib.
“Euronews” kanalı Nizami Gəncəvinin məqbərəsinin yanında uyuyan ata və anası, bu gün də Gəncədə yaşayıb yaradan şəcərəsinin davamçıları olan Şeyxzamanlılar nəslinin nümayəndələrindən, xüsusi ilə Nizami nəslinin dünyada tanınmış davamşısı olan, hazırda ABŞ-da yaşayan və ABŞ-Azərbaycan dostluq cəməyyətinin sədri Tomris Azəridən (Şeyxzamanlı) deyil, təsədüfi insanlardan müsahibə alaraq tarixin heç bir mərhələsində Gəncədə yaşamayan fars faktorundan söhbət açıb.
AMEA Gəncə Bölməsinin nizamişünas və tarixçi alimləri, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Himayədarlar Şurası Evranyus kimi nüfuzlu bir telekanalın Gəncə şəhəri və dahi Nizami Gəncəvi ilə bağlı hazırladığı verilişi milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş təhrif və təhqir kimi dəyərləndirir və dərhal təkzib və üzr istəməsini tələb edirlər.