İlham Əliyev nazirlərlə görüşüb

İlham Əliyev nazirlərlə görüşüb
  11 İyun 2013    Oxunub:1130
İlham Əliyev Misirin və Malayziyanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amrin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Misirin xarici işlər naziri Prezident Məhəmməd Mursinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Ölkələrimizin bir-birinə zəngin tarixi dəyərlərlə bağlandığını vurğulayan nazir əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq əlaqələrin, regional inkişaf və digər sahələrdə fəal əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimizin güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı potensialın olduğunu diqqətə çatdırdı.

Görüşdə Azərbaycan ilə Misir arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Misir Prezidenti Məhəmməd Mursinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş etdi.

***

Prezident İlham Əliyev Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul etmişdir.

Dövlət başçısı Malayziyanın xarici işlər naziri Anifah Amanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılıq edən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Malayziyanın xarici işlər naziri Anifah Aman Baş nazir Dato Sri Mohd Najibin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, səfəri çərçivəsində paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Malayziyanın Baş naziri Dato Sri Mohd Najibin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Baş nazirinə çatdırmağı xahiş etdi.


Teqlər:  





Xəbər lenti