Deportasiya olunanlara 48 saat vaxt veriləcək
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini sözlərinə görə, əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə isə bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır.
Yeni əlavələrdə Azərbaycanda deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşib.
Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək.
Sevinc İltifatqızı