Amerika məktəbində `Azərbaycan`

Amerika məktəbində `Azərbaycan`
  14 İyun 2013    Oxunub:1330
“Embassy Adoption” Proqramı çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqton şəhərindəki Anne Beers məktəbinin 5-ci sinif şagirdləri ilə görüş olub. Azərbaycan ilə bağlı 5 aylıq proqramın başa çatması ilə əlaqədar təşkil olunmuş görüşdə şagirdlər Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini Azərbaycan və ingilis dillərində söyləyib, ölkəmizlə bağlı əldə etdikləri bilikləri bölüşüblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildiriblər ki, əsası 1974-cü ildən qoyulmuş proqramın məqsədi orta məktəb şagirdlərinin dünya dövlətlərinin tarixi, mədəniyyəti, coğrafiyası haqqında dünya görüşünü formalaşdırmaqdır. Beş ay davam edən proqram çərçivəsində Vaşinqtona akkreditə olunmuş səfirliklər Kolumbiya bölgəsində yerləşən dövlət məktəblərinin 5-ci və 6-cı sinif şagirdlərinə təmsil etdikləri dövlətin tarixi, coğrafiyası, adət-ənənələri və mədəniyyəti barədə təqdimatlarla çıxış edirlər. Hazırda 61 səfirlik bu proqramın iştirakçısıdır.

Proqram çərçivəsində Anne Beers məktəbinin 5-ci sinif şagirdlərinə Azərbaycanın mədəniyyəti, milli bayramları, adət-ənənələri, mətbəxi, dili, tarixi barədə təqdimatlar edilib. Sonda şagirdlərin hazırladıqları Azərbaycan xalçalarının rəsmlərindən ibarət albom səfirliyə bağışlanıb.


Teqlər:





Xəbər lenti