"Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilib"

"Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilib"
  14 İyun 2013    Oxunub:8114
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Qadınlarının IV Qurultayına müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli qurultay nümayəndələri! Əziz xanımlar! Sizi Azərbaycan Qadınlarının IV Qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar, qurultayınızın işinə müvəffəqiyyətlər arzulayıram.
Tarix boyu Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapmışdır. Onun toxuduğu xalçalar və tikmələr, yaratdığı laylalar və bayatılar, nəsildən-nəslə ərməğan kimi çatdırdığı nağıllar və rəvayətlər xalqımızın tükənməz mədəni xəzinəsinə layiqli töhfə olmuşdur. Bütün bunlar bizim milli adət-ənənələrimizin, ana dilimizin və mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır.

Qadınlarımıza ithaf olunmuş əsərlərdə Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilmişdir. Seçib-seçilmək hüququnu bir çox inkişaf etmiş ölkə qadınlarından daha erkən qazanmış xanımlarımız bu gün həyatın bütün sahələrində geniş təmsil olunmuşlar".

Dövlət başçısı qeyd edib ki, ölkəmizdə savadsızlığın ləğvi qadınların kütləvi şəkildə müəllimlik, həkimlik, mühəndislik peşələrinə yiyələnməsinə zəmin yaratmış, onlara elm-mədəniyyətdə fitri istedadlarını reallaşdırmaq üçün imkanlar açmış və cəmiyyətdə qadının mövqeyini əsaslı surətdə dəyişmişdir:

"SSRİ-nin süqutu nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran hər bir Azərbaycan qadınının taleyində dərin iz buraxmışdır. Zorla cəlb olunduğumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan qadınları çoxsaylı şəhidlər vermiş, el-obalarından uzaq düşmüş, qaçqın və köçkün həyatına düçar olmuşlar".

Müraciətdə bildirilir ki, müstəqillik dövründə gedən quruculuq proseslərində qadınlar vətənimizin inkişafı və çiçəklənməsi naminə var qüvvələrini sərf etmiş, bilik və bacarıqlarını əsirgəməmişlər. Tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə ölkəmizdə milli dövlətçilik prinsiplərinin təsbit olunmasında, beynəlxalq əlaqələrimizin formalaşmasında, siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycan qadınlarının xidmətləri danılmazdır:

"Son on ildə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərin əldə olunmasında, respublikamızda çoxşaxəli iqtisadiyyatın yaradılmasında, regionların inkişafı proqramının gerçəkləşdirilməsində, demokratik mühitin bərqərar olunmasında, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində Azərbaycan qadınlarının böyük əməyi vardır. Ölkəmizdə aparılan sosial yönümlü siyasət, ilk növbədə, hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan qadınına, hər bir Azərbaycan övladına ünvanlanmışdır.

Əminəm ki, qadınlarımız gələcəyə ünvanlanan bütün niyyətlərimizin, o cümlədən "Azərbaycan-2020: Gələcəyə Baxış" konsepsiyasının gerçəkləşdirilməsində fəal iştirak edəcək və vətənimizin çiçəklənməsi naminə var qüvvələrini sərf edəcəklər.
Ümidvaram ki, qurultayınız son beş ildə gender siyasətinin gerçəkləşdirilməsi ilə bağlı həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətini təmsil edən qadın təşkilatlarının işini təhlil edəcək, onların qarşısında yeni vəzifələr qoyacaqdır. İnanıram ki, sizin səmərəli işiniz nəticəsində formalaşan yeni strategiyalar və fəaliyyət proqramları uğurla yerinə yetiriləcək və ölkəmizin gələcək inkişafına xidmət edəcəkdir".


Teqlər:  





Xəbər lenti