`İranın yeni prezidentinə ağır yük düşür`

`İranın yeni prezidentinə ağır yük düşür`
  15 İyun 2013    Oxunub:1444
Millət vəkili İrandakı seçkiyə münasibət bildirdi
Dünya mürəkkəb beynəlxalq şəraitdə gərgin münasibətlərdə olduğu İranda növbəti prezidentin kimliyini gözləyir.Proses ötən dəfəki seçkilərdən son dərəcə fərqli qüvvələr və kənar təsirlərin altında keçməsinə baxmayaraq gələcəkdə bu ölkənin xarici siyasətinin necə dəyişəcəyi mühüm suallardan biri olaraq qalır. AzVision.az-ın məlumatına görə,bu barədə millət vəkili Zahid Oruc facebook profilində bildirib:

-Hansı platformanın üstünlük qazanacağını bəri başdan təxmin etmək çətin deyil.Çox ağır siyasi vəziyyətdə və cəmiyyətlə kəskin toqquşmalardan çıxmış Mahmud Əhmədinejat hakimiyyətindən fərqli olaraq yeni rəhbərin dini elita və inqilab strukturları ilə konsensusu təmin edəcəyinə ümid bəsləyənlər kifayət qədər çoxdur.Çünki əksər namizədlərin “məqsədəuyğunluq süzgəc”indən keçməsi onu deməyə əsas verir ki,sürprizlər gözlənilmir və Ali dini rəhbərin söykəndiyi sərt idealist islami kursu davam etdirəcəklər.

Nüvə qalmaqalından iqtisadi cəhətdən xeyli zəifləmiş çıxan və təcridolunmaya məhkum edilmiş bir dövlətin gələn illərdə hansı regional təşəbbüslər və qlobal avantüralara əl atacağını hesablayan dairələr iddia edir ki, İran sürətlə artan hərbi gücündən konkret hədəflərə qarşı istifadə edə bilər. Söhbət təkcə əzəli düşmən saydığı İsrail və ABŞ- la konfrontasiyadan getmir.Suriya hadisələrinin inkişaf ssenarisindən asılı olaraq ərəb ölkələrində bir-birinin ardınca iqtidara gələn müsəlman dini siyasi qüvvələri ilə yaxından əməkdaşlıq İranın nüfuz dairəsinin genişlənməsinə və itirdiyi mövqelərin bərpasına səbəb ola bilər.

Hər bir halda 14 iyun seçkiləri “ərəb baharı” silsiləsindən və xarici esperimentlərdən kənarda keçdi. Bunun özü də bir göstəricidir ki,dini sistem siyasi təfriqələri və daxili sosial narazılıqları neytrallaşdıra bildi və onların seçicilərin toqquşan platformasına çevrilməsinə yol vermədi.Bunula belə yeni Prezidentin üzərinə ağır bir yük düşür və O, sələflərindən daha kəskin şəkildə Qərblə savaşmalı olacaqdır.Çünki yumşalma rejimin iflasıdır.

İranın seçimi yaşadığımız bölgənin təhlükəsizliyi üçün də önəmlidir.On illərlə davam edən gərginlik bu regionu nüfuz zonalarına qatmaq yönündə cəhdlərin meydanına döndərib.Ona görə stabilləşmə hamının faydasınadır.
İranın əsas həlledici şəxsi və mənəvi lideri Ayətullah Əli Xamneyi xalqa təsir üçün mühüm vasitələrə sahibdir. Lakin dünyada nüfuz və çevrəsində möhkəm müdafiə sistemi qurmaq üçün təkcə dini rəhbərin avtoriteti kifayət deyil. İranın mənəvi liderliyi islami dəyərlərə və beynəlxalq hüquqa münasibətindən keçir. Bu isə təəssüf ki, təkcə indiki seçkilərin nəticəsindən asılı deyil.

Vahid iradə insanlara məxsus olanda yer üzünün taleyi tükdən asılı olur.Allah seçdiyini bəndələrin seçə bilməməyi kainatın mövcudluğunun yeganə şərtidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti