Azərbaycanın alternativ enerji potensialı nə qədərdir? - TƏHLİL

Azərbaycanın alternativ enerji potensialı nə qədərdir? - TƏHLİL
  22 Sentyabr 2015    Oxunub:10056
Dünyada enerji daşıyıcılarına tələbatın təklifdən getdikcə daha çox geri qalması fonunda zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də vacib vəzifələrdən birinə çevrilib. Bu məsələnin ölkədə əslində 10 ildən çoxdur prioritet təşkil etdiyi görünür. Düzdür, təbii enerji resurslarının həcmi hələ 100 il sonraya da kifayət edir. Ancaq bununla belə, Azərbaycanın alternativ enerji əldə etmək üçün kifayət qədər geniş və olduqca əlverişli imkanlara sahib olması faktı tələbatı məhz keyfiyyətli ödəməyi önə çıxarır.

Odur ki, azərbaycan hökuməti uzun illərdir ölkənin enerji potensialının tam olaraq üzə çıxarılması və bundan istifadə üçün müvafiq addımlar atır, bu sahədə uyğun siyasət yeridir. Bu xüsusda, alternativ və bərpa olunan enerji istehsalının artımı isə getdikcə, daha çox hədəfdə saxlanılır.

Ümumiyyətlə, enerji istehsalı və istehlakında səmərəliliyə nail olmaq iqtisadiyyatda bir nömrəli vəzifəyə çevrilməli olduğundan ən optimal yol məhz alternativ enerji mənbələrindən istifadədən keçir. Doğrudur: ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində çox işlər görülüb və zəruri tədbirlər həyata keçirilib – tələb olunan infrastruktur yaradılıb. 2004-cü ildən indiyə qədər Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan sayca 17 elektrik stansiyası istifadəyə verilib ki, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilib. Beləliklə də daxili tələbat ödənilməklə yanaşı, 600-700 meqavat arası həcmdə ixrac imkanı yaranıb.

Bununla bərabər, alternativ və bərpa olunan enerji mənbələrinə də investisiyalar yatırılmaqdadır. Təkcə, 2014-cü ildə sözügedən sahəyə 63,6 milyon manat sərf olunub. 2000-ci ildən bəri isə bu rəqəm 800 milyon manatdan çox təşkil edib. Yaxın 5 il ərzində isə alternativ enerji əldə etmək üçün sayca 100-dən çox obyekt tikib istifadəyə vermək nəzərdə tutulub ki, ümumiyyətlə, 2020-ci ildə Azərbaycanda ümumən istehsal olunacaq elektrik enerjisinin azı 20% hissəsinin məhz alternativ mənbələr hesabına əldə olunması planlaşdırılıb.

Yeri gəlmişkən, cari ilin yanvar-mart aylarında ölkədə külək enerjisi ilə çalışan stansiyalarda 2,2 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu da olduqca kiçik rəqəmdir. O baxımdan ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Və bu potensialdan tam istifadə olunmur. Belə ki, hesablamalara əsasən, sözügedən sahədə 12 min meqavatdan çox güc yatır. Bunun da 5 min meqavatı günəş enerjisinin, 4500-ü külək, 1500-ü biokütlə, 800-ü geotermal, 350 meqavatı isə kiçik su elektrik stansiyalarının enerjisinin payına düşür.

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kilovat/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasıdır.

O cümlədən, Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa da geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500—3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400—3200 saatdır.

Bundan əlavə, ölkədə hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Tədqiqatlar göstərib ki, Azərbaycanda çayların tam hidroenerji potensialı 40 milyard, texniki cəhətdən əlverişli potensial isə 16 milyard kilovat/saat təşkil edir. Bunun da 5 milyard kilovat/saatı kiçik su elektrik stansiyalarının payına düşür.

Biokütlə enerjisinə gəldikdə isə ölkədə yanma qabiliyyəti olan sənaye tullantılarından, meşə təsərrüfatı və ağac emalı sahələrinin, kənd təsərrüfatı məhsulları və üzvi birləşmə, məişət və kommunal, o cümlədən neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılardan ibarət biomaddə mənbələri mövcuddur.

Prezident İlham Əliyev qeyd edib ki, enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ümumiyyətlə, ölkədə alternativ və bərpa olunan enerji mənbələri üzrə tam miqyasda istifadə məsələləri və strategiyası bilavasitə dövlət başçısının nəzarəti və rəhbərliyi altındadır.

Belə ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Prezidentin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə ayrıca qurum - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı sayılır.

Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə isə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” var.

Real olaraq həyata keçirilən layihələr sırasında məsələn, dünyada ilk dəfə olaraq dənizdə neft hasil edilən ərazidə külək elektrik stansiyasının tikiləcəyini misal göstərmək olar. 200 meqavat gücündə olacaq sözügedən obyekt Pirallahı adalarından ibarət rayon ərazisində quraşdırılacaq. Dünyada neft hasil edilən zonada eskadalar üzərində belə bir stansiya tikintisinə hələ rast gəlinməyib. Dəyəri 450-500 milyon manatla ölçülən layihə 10 ilə nəzərdə tutulub.

Həm bu üzdən, həm də mövcud potensial nöqteyi-nəzərdən ölkədə görülən və hələ görüləcək bu işlərə Almaniya, Çin və bir sıra ərəb ölkələrindən xarici investorlar da ciddi maraq göstərirlər. Eyni zamanda, qonşu Gürcüstan, İran və Türkiyə ilə birgə əməkdaşlıq imkanlarından istifadə üçün də addımlar atılmaqdadır. Yeni enerji istehsalı sahələrinin yaradılması hesabına ölkədə həm də əlavə iş yerləri açılır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti