Ev almaq istəyən jurnalistlərin SİYAHISI

Ev almaq istəyən jurnalistlərin  SİYAHISI
  15 İyun 2013    Oxunub:1199
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclası açan MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

MŞ sədri deyib ki, iyunun 15-də jurnalistlər üçün tikilmiş hündür mərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatır.

İclasda müzakirə olunacaq ilk məsələ mövcud istiqamətdə görülmüş işlərdir. Gündəliyə təklif olunan ikinci məsələ MŞ sıralarının tənzimlənməsidir.

Şuranın tərkibində elə kütləvi informasiya vasitələri var ki, çoxdandır fəaliyyət göstərmirlər, eyni zamanda qurumun üzvü kimi üzərilərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belələrinin Şura sıralarında qalıb-qalmamasına münasibət bildiriləcək. Nəhayət, Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur. Gündəlik səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı MŞ sədri Ə.Amaşov məlumat verdi ki, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin bölgüsü ilə əlaqədar MŞ-nin kriteriyalarının açıqlanmasından, yəni may ayının 23-dən sonra Şuranın Katibliyi tərəfindən quruma üzv KİV-lərə müraciətlər ünvanlanıb və onlara prinsiplər barədə geniş məlumat verilib. Şəffaflığın təmin edilməsi üçün Şura üzvləri redaksiyalarda namizədlərin müəyyənləşdirilməsi gedişini izləyiblər. Keçirilmiş səsvermə proseslərində hər hansı nöqsanlar qeydə alınmayıb. Bununla belə adı redaksiya siyahısına düşə bilməyənlərdən bir neçəsi MŞ-yə şikayət ünvanlayıb. Həmin şikayətlər də araşdırılacaq.

Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb. Əvvəlcədən müəyyənləşdirildiyi kimi, gündəlik qəzetlər və informasiya agentlikləri 3, həftəlik qəzetlər, portallar və jurnallar bir namizəd irəli sürməli idilər.

MŞ üzvləri məsələ ətrafında fikirlərini bildirdikdən sonra toplanmış materiallarla bağlı müvafiq prosedur ümumiləşdirmələrin aparılması və onların Prezident Administrasiyasına göndərilməsi qərara alınıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı bildirilib ki, təxminən 30-dək KİV MŞ üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər - üzvlük haqqını ödəmirlər, ümumən MŞ ilə əlaqələrini kəsmiş durumdadırlar. Belələrinin qurumun sıralarından xaric edilməsi struktur fəaliyyətin düzgün həyata keçirilməsi baxımından önəmlidir.

Təklif səsə qoyulub və yekdilliklə bəyənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti