`Azərbaycan Twitterdə ABŞ-ı məcbur etdi ki...` - Sahib Məmmədov

`Azərbaycan Twitterdə ABŞ-ı məcbur etdi ki...` - Sahib Məmmədov
  30 Sentyabr 2015    Oxunub:7119
“Ötən illə müqayisədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) təşkil etdiyi İnsan Meyarı üzrə İllik konfransında anti-Azərbaycan ritorikası daha yüksək idi”. Bu fikirləri AzVision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O, qeyd edib ki, Azərbaycan haqqında mənfi informasiyaların yayılmasında maraqlı tərəflər var: “Təəssüf edirəm ki, Azərbaycan haqqında mənfi rəyin yaradılmasında maraqlı tərəflər var. Məsələn, 4 QHT var ki, onlar ötən ildən anti-Azərbaycan kampaniyasına görə 20-25 milyon dollar pul alıblar. Ona görə orada konfrans iştirakçıları, təşkilatlar, konfransdan kənar şəbəkələr Azərbaycan haqqında kifayət qədər mənfi fikir yarada biliblər. Təsadüfi deyil ki, Emin Milli, Dinara Yunus və Çexiyanın “People in Need” təşkilatı əvvəlcədən sifarişi verməklə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı əlavə tədbir keçirdilər.

Tədbirdə divarlara PİN tərəfindən hazırlanmış iri şəkillər yerləşdirilmişdi və broşura hazırlanaraq, iştirakçılara təqdim edimişdi. “İdman üçün demokratiya” adlandırılan koalisiya Azərbaycanda məhbuslara – yəni onların siyahılarında olan məhbuslara,- işgəncə verildiyi, tibbə çatım üçün şərit yaradılmadığını xüsusi vurğulayırdılar. Azərbaycan hökumət nümayəndələri bunu ciddi arqumentlərlə təkzib etsələr də ritorika dəyişmədi. Mən də onlara sual etdim ki, niyə bu qədər az şəkil var? Axı siyahınızdakıların sayı 100 nəfərdən çoxdur? Bəlkə terror törədərək mühakimə olunanların və İslam ordusunda döyüşənlərin şəkillərini bu şəxslərlə yanaşı vermək sizlər üçün əlverişli deyil?

Mən onlara təzyiqin əhəmiyyətsiz olmasını xatırlatdım, ölkədə dialoqun davam etməsi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun fəaliyyəti haqqında məlumat verdim. Onların daxili dialoqa ziyan vurmasını xatırlatdım. Amma onlara “müdfiə” etdikləri adamların həbsdə olması daha çox sərf edir. Bu barədə onlara Azər Həsrət də dedi.

Konfransda anti-Azərbaycan mövqeli məruzəçilər, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, BMT-nin hüquq müdafiəçilərinin vəziyyətinə dair məsələ üzrə xüsusi məruzəçisi Mişel Forst, ABŞ-ın nümayəndə heyətinə başçılıq edən Devid Kramer, Daniel Bayer, Rebekka Vinset ənənəvi olaraq çıxışlarında anti-Azərbaycan mövqe tutdular. Bu zaman çıxışlarında Ermənistan və Gürcüstanla bağlı bir kəlmə belə demədilər. Əgər, onlar Cənubi Qafqaz regionunu tənqid etsəydilər, bunu bitkin bir tənqid kimi qəbul etmək olardı. Amma, onlar yalnız Azərbaycanı tənqid etdilər.

Məsələn, Dünya Miyatoviç çıxışında deyir ki, azərbaycanlı jurnalist Rasim Əliyevi sosial şəbəkədə ölkə başçısını tənqid etdiyinə görə, döyüb öldürdülər. Yəni, Aİ-nin qətnaməsində olduğu kimi. Sonra mən söz alaraq hadisə ilə bağlı həqiqətləri onların diqqətinə çatdırdım. Sual etdim ki, hökumət Rasim Əliyevin işi ilə bağlı daha nə etməlidir? Axı, mümkün olan bütün şəxslər həbs olunub. Sonra onlar bildirirlər ki, Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Biz dedik ki, onlardan heç olmasa 25 nəfərinin adını çəkin. Təbii ki, onlar bu suala cavab verə bilmədilər”,– deyə S.Məmmədov vurğulayıb.

Hüquq müdafiəçisi deyir ki, Azərbaycan informasiya müharibəsində uduzur və bu istiqamətdə ciddi işlər görülməlidir: “Məsələn I Avropa Oyunları zamanı ölkə daxilində keçirilən kampaniyalarla bağlı xarici mətbuatda yazılar getmədi. Baxmayaraq ki, bu kampaniya uğurlu təşkil olunmuşdur. Söz və mətbuat azadlığına dövlət dəstəyi barədə də müxtəlif dillərdə informasiyaların çox olması zəruridir. Biz bu konfranslarda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sifaişi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlanmış və yalnız obyektiv həqiqəti əks etdirən “Azərbaycanda Vətəndaş Cəmiyyəti” adlı hesabatı yaydıq və bunun xeyli effekt verdiyini görürük. Qərəzli tərəflərlə bağlı hər şey aydındır. Onlar yaxşını heç vaxt deməyəcəklər. Bu səbəbdən də onlara nə qədər informasiya verirsənsə ver, yenə də Azərbaycanın lehinə olan informasiyanı yaymayacaqlar. Amma neytral və dost tərəflər var. Onlarla da informasiya təchizatımız lazımı səviyyədə deyil”.

S. Məmmədov hesab edir ki, bu baxımdan sosial şəbəkələrdə işin daha da gücləndirilməsi vacibdir: Xüsusilə qeyd etmək istəyirəm ki, bu ilki konfrans zamanı Azərbaycan tərəfindən “Twitter”də aktivlik vardı. Konfransın gedişində monitorlarda ən çox azərbaycanlı istifadəçilərin tvitləri görünürdü. İstifadəçilər ABŞ tərəfini, Devid Krameri qərəzli olmaqda ittiham edirdilər. Bunun təsiri o qədər böyük oldu ki, onlar Azərbaycanın rəsmi nümayəndə heyətinə müraciət edib görüş təklif etdilər.

Görüşdə mən də iştirak etdim. Biz onlara ifrat qərəzli olmalarının proseslərə neqativ təsir etməsini bildirdik. Təbii ki, belə görüşlərdə mövqeləri tam dəyişmək mümükün olmur. Bütün hallarda mən təmasları zəruri hesab edirəm. Bununla belə, sosial şəbəkələrdə fəaliyyətin genişlənməsi, xüsusən də belə tədbirlər ərəfəsində və gedişində aktivləşmə zəruridir”. Eyni zamanda, müxtəlif dillərdə internet resurslarının çoxaldılması zərurəti var.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti