Peşə məktəblərinə müraciət çoxalıb
Nazirlik peşə təhsili sahəsində Türkiyədən hansı təcrübələr öyrəniləcəyi və nə zaman tətbiq olunacağı ilə bağlı məsələyə də aydınlıq gətirilib: “Türkiyədə keçən əsrin 90-cı illərindən başlayaraq peşə təhsili sistemində köklü islahatlar həyata keçirilib. İslahata hökumət, yerli işəgötürən təşkilatları, assosiasiyaları, yerli idarəetmə qurumları ilə yanaşı beynəlxalq təşkilatlar tərəfindən də böyük dəstək verilib. Nəticədə, Türkiyədə fəaliyyət göstərən peşə təhsili müəssisələri əmək bazarı iştirakçıları ilə sıx əlaqədə işləyərək kompetensiyaya əsaslanan peşə təhsili sisteminin yaranmasına nail olublar. Türkiyə ilə təhsil alanların biliyinin qiymətləndirilməsi mexanizmi, sosial partnyorla iş sisteminin qurulması, qanunvericilik bazasının yaradılması və s. istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasını zəruri hesab edirik.
Hər il ilk peşə-ixtisas təhsili müəssisələrinə 16-17 min dövlət sifarişi ilə kadrların hazırlanması həyata keçirilir. Əgər 4-5 il öncə ilk peşə-ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müraciət edənlərin sayı çox az idisə, hazırda hər il təxminən 1500-2000 nəfər ödənişli əsaslarla peşə təhsili almaq üçün müraciət edir. İstər ödənişli, istərsə də dövlət vəsaiti hesabına təşkil edilən təlimlərdə keyfiyyət fərqi qoyulmur. Təhsil prosesinə qoyulan tələblər hər bir təhsil alan üçün eynidir. Yeni yaradılan peşə seçiminə dəstək sistemi portalı isə peşə təhsili sistemi haqqında məlumatların geniş yayılmasına, peşə təhsili müəssisələrinə müraciət prosesinin elektron şəkildə həyata keçirilməsinə, məzunların iş tapmaq imkanlarının genişləndirilməsinə şərait yaradacaq”.
AzVision.az