Azərbaycanda 12 milyon mobil rabitə cihazı qeydə alınıb
Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, bu cihazların 400 mini mobil telefon olmayan rabitə vasitələri – planşet və ya avtomobillərdə qurulan GPS cihazlardır. MCQS-in işə düşməsindən sonra qeydə alınan leqal mobil cihazlarla yanaşı, 250-300 minədək qeyri-qanuni, yəni pirat və ya klonlaşdırılmış mobil rabitə vasitələri də aşkarlanıb.
İ. Məmmədovun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulduğu kimi bu cihazlar da qeydə alınıb və onların istifadəsi mümkündür, amma bu cihazlar yalnız hazırda istifadə edilən sim-kartlarla istifadə oluna bilər. Həmin cihazlara başqa sim-kartlar daxil edildikdə onların fəaliyyəti dayandırılacaq.
Yeni sistemin işə düşməsi özünü dərhal oğurlanmış telefonlara münasibətdə də göstərib. İ.Məmmədovun sözlərinə görə, MCQS-in fəaliyyətə başlanmasından sonra 85 telefon oğurluğu halı aşkar edilib ki, bu barədə məlumatlar da dərhal sistemə daxil edilib: «Həmin telefonlardan istifadə olunsa, istifadəçilər dərhal aşkar ediləcək və onlara qarşı tədbirlər görüləcək. Yəni indi həmin telefonlar gərəksiz əşyaya çevrilib. Yeni sistemin işə düşməsi xaricdən ölkəyə pirat telefonların gətirilməsinin də qarşısını alıb. Sistem işə düşəndən ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb”.(apa)