İsmət Abbasov BMT-nin konfransında çıxış edib
FAO Konfransı Sessiyasının plenar iclasında da çıxış edən İsmət Abasov Azərbaycanın da daxil olduğu FAO-nun Avropa və Mərkəzi Asiya blokunun ən inkişaf etmiş və ən yoxsul ölkələrdən ibarət olmaqla mürəkkəb regionu əhatə etdiyini bildirib. O, bu səbəbdən bu regiona fərdi və hər bir ölkə üzrə səciyyəvi yanaşmanın tətbiq edilməsinin vacib olduğunu deyib. Eyni zamanda, regionun bir sıra ölkələrində əhalinin əksər hissəsinin kənd ərazilərində yaşamasına və gəlirlərinin də əsasən bu sahədən əldə etmələrinə baxmayaraq, iqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatı sahəsində gəlirlərin aşağı səviyyədə olması qeyd edib. Çıxışda FAO-nun əsas diqqəti regionda dövlət tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi vasitəsilə gəlirlərin artırılmasına yönəldilməsi tövsiyə olunub.
İsmət Abasov dünən FAO-nun Avropa və Mərkəzi Asiya Regional Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Toni Alonzo ilə də görüşüb. Onu yeni təyinat münasibətilə təbrik edib. Nazir cənab Toni Alonzonun fəaliyyəti dövründə Azərbaycanla Regional Nümayəndəlik arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Qarşı tərəf isə bu məqsəd üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Səfər davam edir.
AzVision.az