Böyük Səkkizlərin sammitinin nəticələri

Böyük Səkkizlərin sammitinin nəticələri
  19 İyun 2013    Oxunub:1274
Dövlət başçıları «Açıq məlumatlar xartiyasını» razılaşdırıblar
2015-ci ilin sonunadək reallaşdırılması nəzərdə tutulan “Açıq məlumatlar xartiyasını”da dövlət orqanlarının informasiyalarının açıqlanması zamanı ölkələrin bir sıra baza prinsiplərinə əməl etmələri əsas götürülür. Bundan başqa Böyük Səkkizlərin üzvləri Suriya müxalifəti və iqtidarını Əl-Qaidə və onunla əlaqəli digər terrorçu təşkilatlar, eləcə də terrorçuluqda şübhəli bilinən istənilən qeyri-hökumət stukturları ilə bütün münasibətləri kəsməyə çağırıb.

Bu arada, rəsmi Moskva Avropanı Suriya müxalifətinə silah göndərməzdən əvvəl bir daha düşünməyə çağırıb. Dövlət başçısı Vladimir Putin Böyük Səkkizlərin sammitinin yekununda belə bir çağırış səsləndirib. Putin həmkarlarını xəbərdar edib ki, Suriya müxalifətinin əlinə keçəcək silahlar yenidən Avropaya qayıda bilər.

Onun fikrincə, Dəməşqin kimyəvi silahdan istifadə etdiyinə dair təsdiqlənməmiş ittihamlar əsasında müxalifətin silahlandırılması bölgə və bütün dünyada vəziyyəti daha da gərginləşdirəcək. O, eyni zamanda Rusiyanın Suriyaya müqavilələr əsasında silah verdiyini və bunların tamamilə fərqli məsələ olduğunu diqqətə çatdırıb.

Fransa prezidenti Fransua Olland isə Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etdiyinə dair iddiaların doğruluğunu yoxlamaq üçün beynəlxalq araşdırmalara başlamağın vacibliyini bildirib. Almaniyanın kansleri Angela Merkel isə Suriyada vəziyyətin dözülməz olduğunu və Berlinin bu ölkəyə 200 milyon avro yardım ayıracağını deyib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə bu ölkədə qan tökülməsinə son qoymağın hamının vəzifəsi olduğunu deyib. Ümumiyyətlə isə danışıqlarda Suriyada keçid hökumətinin gələcəyi barədə vahid razılaşma əldə olunmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti