“Azərbaycan qazının Avropaya nəqlindən hər iki tərəf udur”
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeylə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Brüsselə bundan əvvəlki səfərindən sonra enerji sahəsində çox pozitiv dəyişikliklər müşahidə olunur. Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin elan olunması Cənub qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlindən hər iki tərəf udur: “Azərbaycan öz qazını çıxaracağı enerji bazarları tapacaq, Avropa isə uzunmüddətli dövr üçün Azərbaycanın timsalında alternativ enerji mənbəyi əldə edəcək”.
Prezident Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın davam edəcəyini vurğulayıb: “Görürsünüz ki, bu əlaqələr yaxşı səviyyədədir və biz bunu mükəmməlləşdirmək üçün çalışa bilərik”.(apa)