İlham Əliyev :"Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır"
Bu barədə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Prezidentin sözlərinə görə, tərəflər əməkdaşlığın bir çox aspektlərini, regional əhəmiyyətli məsələləri nəzərdən keçiriblər.
İlham Əliyev demokratik inkişaf, insan haqlarının qorunması, siyasi islahatlar məsələlərində Azərbaycana verdiyi mütəmadi dəstək və tövsiyələrinə görə Barrozuya və Avropa Komissiyasına təşəkkürünü bildirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, İlham Əliyev bildirib: "Bu dəstək və tövsiyələr çox vacibdir və Azərbaycanda islahatlara xeyli dərəcədə kömək edib. İslahatlar prosesi çox sürətlə gedir, siyasi və iqtisadi sahələri əhatə edir və hər iki tendensiya bir-birini dəstəkləyir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Aİ arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur.
İlham Əliyev deyib: "Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və Aİ ölkələri ilə əmtəə dövriyyəmiz artır. Və bu, həmçinin "Şərq tərəfdaşlığı" proqramının təşəbbüslərini dəstəkləməyə kömək edir. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Fikrimcə, keçmiş sovet ölkələrinin bu əməkdaşlığa cəlb edilməsi Avropa institutları tərəfindən çox vacib addımdır və Azərbaycan "Şərq tərəfdaşlığı"nın fəal üzvüdür. Hazırda biz Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın çox önəmli formatı üzərində işləyirik".
Prezidentin sözlərinə görə, gündəlik çox genişdir və bir çox sahələri əhatə edir.
İlham Əliyev deyib: "Azərbaycan artıq Avropa ölkələrinə investisiya yatırmağa başlayıb və investisiyalarımızın şaxələndirilməsi onu göstərir ki, bu, təkcə enerji ilə bağlı investisiyalar deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrə yatırılan investisiyalardır. Bizim, həmçinin Avropadan böyük həcmdə investisiyalarımız olub. Bu investisiyalar iqtisadiyyatımızı şaxələndirməyə və ölkəni modernləşdirməyə kömək edib".
Dövlət başçısının sözlərinə görə, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri də müzakirə ediblər. Azərbaycan Avropa Komissiyasının bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Prezident bildirib: "Bizim torpaqlarımız işğal altında olduğundan Azərbaycan bu prosesdə ən maraqlı tərəfdir. Nəinki Dağlıq Qarabağ, ətraf yeddi rayon da 20 ildən artıqdır ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. Biz buna son qoymalıyıq. Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin bu yaxınlarda nizamlanmanın Helsinki yekun aktına əsaslanmalı olduğu və hər iki tərəfin danışıqlar prosesinə zərər vura biləcək istənilən hərəkətdən uzaq durmalı olduğu qeyd edilən birgə bəyanatından məmnunuq".
İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri və erməni işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında tez bir zamanda həll olunmasını istəyir.